Azərbaycan ali təhsili üçün qısa Yol Xəritəsi...
"Güclü nazirlik, məsuliyyətli rektor, azad alim və səmərəli elm siyasəti olmadan bu mümkün deyil..."
"Güclü nazir universitetlərdən resurs toplamalı deyil, onların daha çox bilik, elm və innovasiya yaratması üçün resursları səfərbər etməlidir..."
"Son 6-7 ildə təhsil büdcəsi davamlı artsa da, keyfiyyət dəyişikliyi hiss edilmir, əksinə, tənəzzül yenə də davam edir..."
"Güclü rektor universitetin potensialını öz şəxsi nüfuzuna deyil, onun davamlı təşkilati inkişafına xidmət etdirir..."
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə "Güclü universitet necə yaradılır?..." başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Bu gün universitetlərimiz necədirsə, sabah cəmiyyətimiz də elə olacaq. Çünki universitetlər yalnız mütəxəssis hazırlayan təhsil müəssisələri deyil, həm də cəmiyyətin intellektual potensialını, elmi dünyagörüşünü, texnoloji imkanlarını və gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji institutlardır.
Güclü universitet olmadan güclü elm, güclü elm olmadan texnoloji müstəqillik, texnoloji müstəqillik olmadan isə davamlı iqtisadi güc və beynəlxalq rəqabətqabiliyyətlilik yaratmaq çətindir...
Müasir dünyada iqtisadi inkişafın əsas mənbələri insan kapitalı, elmi bilik, innovasiya və texnologiyalarla əlaqələnir. Təbii sərvətlər iqtisadi imkanlar yarada bilər, lakin həmin imkanları uzunmüddətli inkişaf və rəqabət üstünlüyünə çevirmək üçün güclü elm və universitetlər lazımdır. Buna görə də Azərbaycanın gələcək inkişafı ilə bağlı əsas məsələ güclü universitetlərin necə yaradılması və bu universitetləri ölkənin elmi, intellektual və texnoloji inkişafının aparıcı qüvvəsinə necə çevirməyi düzgün bilməkdir.
Güclü universitetlər güclü təhsil siyasətinin nəticəsidir...
Yaxşı təhsil öz-özünə yaranmır ( Emin Əmrullayev)...
Nazir yenə də sözdə haqlıdır . Amma bu yaxşı sözləri nədənsə 6 ildir praktik reallaşdıra bilmir. Yaxşı universitetlər də, yaxşı elm də öz-özünə yaranmır. Güclü universitetlər, ilk növbədə, düzgün qurulmuş milli təhsil və elm siyasətinin məhsuludur. Onlar təsadüfən yaranmır və yalnız ayrı-ayrı rəhbərlərin şəxsi peşəkarlığı, məuliyyəti və səyləri ilə formalaşmır.
Dünya təcrübəsi göstərir ki, universitetlərin inkişafı üçün üç fundamental şərt vacibdir:
Universitetdə istedadlı alimlərin, müəllimlərin və tələbələrin mövcudluğu;
Davamlı və məqsədyönlü maliyyələşmə;
Akademik azadlığa və təşkilati muxtariyyətə əsaslanan səmərəli idarəetmə.
Bu şərtləri təmin etmək isə dövlətin və ilk növbədə ali təhsilə və elmə rəhbərlik edən nazirliyin əsas strateji vəzifəsidir.
Güclü nazirliyin əsas vəzifəsi universitetlərin gündəlik fəaliyyətinə inzibati müdaxilə etmək deyil, onların inkişafı üçün əlverişli təşkilati, hüquqi və maliyyə mühiti yaratmaqdır. Belə nazirlik universitetlərə aydın strateji istiqamət göstərir, elmi tədqiqatları dəstəkləyir, rəqabətli qrantlar ayırır, akademik azadlığı qoruyur, universitetlər arasında sağlam rəqabət yaradır və nəticələrə görə məsuliyyət tələb edir. Nazirliyin gücü onun verdiyi tapşırıqların və inzibati qərarların çoxluğu ilə deyil, ölkənin universitetlərində yaratdığı elmi və akademik inkişaf şəraiti ilə ölçülməlidir. Güclü nazirlik universitetlərin inkişafına mane olmamalı, onların yolunu açmalıdır...
Universitetlərin inkişafında maliyyə siyasəti xüsusi əhəmiyyət daşıyır. Elmi tədqiqat, müasir laboratoriyalar, doktorantura, gənc alimlərin hazırlanması və beynəlxalq elmi əməkdaşlıq ciddi maliyyə resursları tələb edir. Güclü elm siyasəti universitetlərə əlavə maliyyə yükü yaratmaqla deyil, onların elmi potensialını artırmaqla formalaşır. Bu baxımdan universitetlərin məhdud maliyyə imkanlarının qeyri-məhsuldar fond və mexanizmlərə yönəldilməsi məsələsi müzakirə edilə bilər. Təhsilin İnkişafı Fondu (TİF) da daxil olmaqla, belə qurumların fəaliyyəti aydın ictimai fayda, şəffaf maliyyə hesabatlılığı və ölçülə bilən nəticələr əsasında qiymətləndirilməlidir. Əgər hər hansı maliyyə mexanizmi universitetlərin inkişafına əlavə resurs yaratmaq əvəzinə onların mövcud resurslarını azaldırsa, həmin mexanizmin məqsədəuyğunluğu və səmərəliliyi yenidən nəzərdən keçirilməlidir. Dövlətin elm və təhsil siyasətində əsas maliyyə prioriteti universitetlərin elmi-tədqiqat potensialına, insan kapitalına və innovasiyalara birbaşa investisiya qoymaq olmalıdır.
Güclü nazir universitetlərdən resurs toplamalı deyil, onların daha çox bilik, elm və innovasiya yaratması üçün resursları səfərbər etməlidir.
Güclü rektor universitetin potensialını hərəkətə gətirir…
Universitetin inkişafında rektorun rolu xüsusi əhəmiyyət daşıyır. Rektor yalnız inzibati rəhbər və təsərrüfat işlərinə cavabdeh şəxs deyil. O, universitetin akademik və elmi inkişafını təşkil edən strateji lider olmalıdır. Rektor təhsil sahəsində dərin biliklərə sahib olmaqla yanaşı, həm də strateq və analitik olmalıdır.
Güclü rektorun əsas keyfiyyətləri aşağıdakılardır:
-Universitetin uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirmək;
-İstedadlı alim və müəllimləri bir araya gətirmək;
-Akademik azadlığı və elmi yaradıcılığı qorumaq;
-Maliyyə resurslarını elmi və tədris prioritetlərinə yönəltmək;
-Beynəlxalq əməkdaşlığı genişləndirmək;
-Universitetdə sağlam akademik və təşkilati mədəniyyət yaratmaq;
-Gənc alimlərin və tələbələrin inkişafı üçün şərait formalaşdırmaq.
Rektorun fəaliyyətində ən mühüm meyar universitetdə nə qədər bina tikilməsi və ya təmir olunması deyil (təəssüf ki, hələ də bizim univeritetlərin əsas prioriteti budur), həmin universitetdə elmin, təhsilin və innovasiyaların nə qədər inkişaf etməsidir. Əlbəttə, universitet infrastrukturu və maddi-texniki baza əhəmiyyətlidir. Lakin bunlar əsas məqsəd deyil, akademik fəaliyyətə xidmət edən vasitələrdir. PHŞ olan universitetlərin məhdud resurslarının əhəmiyyətsiz tikinti-təmir işlərinə sərf edilməsi, elmi laboratoriyaların, kitabxanaların, tədqiqat proqramlarının və akademik heyətin inkişafının arxa plana keçirilməsi idarəetmə prioritetlərinin düzgün müəyyənləşdirilmədiyini göstərə bilər.
Güclü rektor universitetin potensialını öz şəxsi nüfuzuna deyil, onun davamlı təşkilati inkişafına xidmət etdirir…
Güclü alimlərə şərait yaradılmadan güclü elm yaratmaq mümkün deyil…
Universitetlərin əsas sərvəti onların binaları, avadanlıqları və inzibati strukturları deyil, intellektual potensialıdır. Elmi nəticələri alimlər yaradır. Lakin alimlərin məhsuldarlığı yalnız fərdi qabiliyyətlərdən asılı deyil. Tədqiqat üçün vaxt, maliyyə, laboratoriya, elmi əməkdaşlıq, informasiya resursları və akademik azadlıq tələb olunur. Alimdən yüksək nəticə gözləyən universitet ona tədqiqat aparmaq üçün real şərait də yaratmalıdır. Əks halda heç kimin haqqı çatmır desin ki, “ Mən ölkədə alim görmürəm, tanımıram” (E.Əmrullayev). Necə deyərlər: “ balıq dəryada yetişər”.
Universitetlərdə elmin inkişafı üçün aşağıdakı istiqamətlər prioritet olmalıdır:
1. Elmi tədqiqatlar üçün rəqabətli qrantların ayrılması.
2. Gənc alimlər üçün akademik karyera imkanlarının yaradılması.
3. Doktorantura və postdoktorantura sisteminin gücləndirilməsi.
4. Müasir laboratoriyaların və tədqiqat mərkəzlərinin yaradılması.
5. Beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi.
6. Alimlərin fundamental və tətbiqi tədqiqatlara cəlb edilməsi.
7. Elmi nəticələrin iqtisadi və sosial dəyərə çevrilməsi.
Burada mühüm prinsip ondan ibarətdir ki, alim yalnız məqalə yazmaq üçün deyil, yeni bilik yaratmaq üçün çalışmalıdır. Elmi fəaliyyətin keyfiyyəti məqalələrin mexaniki sayı ilə deyil, tədqiqatın elmi yeniliyi, etibarlılığı, beynəlxalq təsiri və cəmiyyətə verdiyi töhfə ilə qiymətləndirilməlidir.
Güclü universitet güclü alimlər yaradan və həmin alimlərin potensialını reallaşdıran universitetdir…
Universitetin gücü inzibati tabelikdən deyil, akademik mühitdən yaranır…
Universitet elmi yaradıcılığın və sərbəst düşüncənin məkanıdır. Əgər universitetdə inzibati nəzarət akademik təşəbbüsü üstələyirsə, alimlər sərbəst tədqiqat aparmaq əvəzinə inzibati göstərişlərin icraçısına çevrilirlər. Akademik azadlıq universitetin inkişafının fundamental şərtidir. Lakin azadlıq məsuliyyətsizlik deyil. O, elmi dürüstlük, şəffaflıq və nəticələrə görə hesabatlılıqla tamamlanmalıdır. Universitetdə sağlam akademik mühit yaratmaq üçün rektorun, professor-müəllim heyətinin, elmi şuranın və tələbələrin funksiyaları aydın müəyyənləşdirilməlidir.
Universitetin strateji qərarları yalnız inzibati rəhbərliyin mövqeyi ilə deyil, akademik ictimaiyyətin bilik və təcrübəsi əsasında hazırlanmalıdır. Belə mühitdə rəqabət şəxslər arasında deyil, ideyalar, tədqiqat nəticələri və elmi nailiyyətlər arasında baş verir.
Təhsil xərclərinin artması avtomatik olaraq güclü elm və təhsil yaratmır…
Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri təhsilə ayrılan maliyyə resursları ilə əldə edilən elmi və texnoloji nəticələr arasındakı əlaqədir. Son 6-7 ildə təhsil büdcəsi davamlı artsa da, keyfiyyət dəyişikliyi hiss edilmir, əksinə, tənəzzül yenə də davam edir. Təhsil büdcəsinin artması vacibdir, lakin maliyyənin hansı istiqamətlərə yönəldilməsi, necə idarə olunması və hansı nəticələr yaratması daha mühüm məsələdir. Əgər vəsaitin əsas hissəsi inzibati xərclərə, səmərəsi əsaslandırılmamış layihələrə və qısamüddətli nəticələrə və “PR” məqsədlərinə yönəldilirsə, onun ölkənin elmi potensialına təsiri məhdud qala bilər…
Maliyyələşmənin prioritetləri belə dəyişməlidir:
Akademik heyətin inkişafı;
Elmi laboratoriyalar və tədqiqat infrastrukturu;
Doktorantura və gənc alimlərin dəstəklənməsi;
Rəqabətli tədqiqat qrantları;
Tədris proqramlarının yenilənməsi;
Rəqəmsal və süni intellekt texnologiyaları;
Universitet–biznes əməkdaşlığı.
Əsas məsələ daha çox pul xərcləmək deyil, ayrılan hər vəsaitin elmi, akademik və ictimai dəyər yaratmasını təmin etməkdir.
Azərbaycan üçün qısa Yol Xəritəsi…
Güclü universitetlər yaratmaq üçün islahatlar sistemli və ardıcıl şəkildə həyata keçirilməlidir. Azərbaycanda ali təhsilin inkişafı üçün strateji yol xəritəsi son 35 ildə hazırlanmadı, hərçənd 10 il əvvəl peşə təhsilinin inkişafı üzrə belə bir SYX hazırlanmış və xeyli maliyyə də ayrılmışdır. Təəssüf ki, digər təhsil layihələri kimi bu SYX də səmərəsiz icra edildi.
Ali təhsil sistemi üçün, daha sonra isə hər bir universitet üçün belə SYX hazırlanmalıdır. Biz ETN-ə dəfələrlə belə təkliflər vermiş, bu sənədlərin hazırlanmaında menecerlərə kömək təklif etmişik. Görünür ETN hələ də inkişafda maraqlı deyil.
Konseptual olaraq universitetlərin inkişafı üçün aşağıdakı yeddi istiqaməti prioritet hesab edirik.
1. Güclü milli elm və təhsil siyasəti. Universitetlərin inkişafı üçün uzunmüddətli, sabit və nəticəyönümlü dövlət strategiyası hazırlanmalıdır.
2. Universitet muxtariyyəti. Rektor və universitet rəhbərliyinə akademik, təşkilati və maliyyə qərarlarında daha geniş səlahiyyət verilməli, bunun əvəzində nəticələrə görə məsuliyyət gücləndirilməlidir.
3. Rəqabətli maliyyələşmə. Elmi tədqiqatlar və innovasiyalar üçün şəffaf qrant sistemləri yaradılmalı, universitetlərin resursları qeyri-məhsuldar məqsədlərə yönəldilməməlidir.
4. Alim və müəllimlərin inkişafı. Akademik karyera, gənc alimlərin dəstəklənməsi və beynəlxalq professorların cəlb edilməsi üçün real şərait yaradılmalıdır.
5. Tədqiqat universitetləri (TU). Güclü elmi potensiala malik universitetlərin fundamental və tətbiqi tədqiqat mərkəzlərinə çevrilməsi dəstəklənməlidir. 2022-2026-cı illər üçün inkişaf strategiyasında ölkədə 2 TU-nin yaradılması nəzərdə tutulsa da, ETN bu vəzifəni də icra edə bilməmişdi.
6. İntellektual və rəqəmsal universitet. Süni intellekt, məlumat analitikası, rəqəmsal təhsil və elmi tədqiqat texnologiyaları universitetlərin fəaliyyətinə sistemli şəkildə inteqrasiya edilməlidir.
7. Nəticəyönümlü qiymətləndirmə. Universitetlərin fəaliyyəti məqalələrin, diplomların və reytinq yerlərinin sayı ilə məhdudlaşdırılmamalı, elmi yenilik, məzunların keyfiyyəti, patentlər, innovasiyalar və ictimai təsir də qiymətləndirilməlidir.
Bu Yol Xəritəsinin icrası üzrə əsas məsuliyyət dövlətin ali təhsil və elm siyasətini həyata keçirən qurumlarının, universitet rəhbərliklərinin və elmi ictimaiyyətin üzərinə düşür.
Universitet siyasəti ölkənin gələcək inkişaf siyasətidir…
Güclü universitetlər güclü nazir, məsuliyyətli rektor və istedadlı alimlərin birgə fəaliyyətinin nəticəsidir. Lakin bu üç subyektin uğuru onların şəxsi keyfiyyətləri ilə məhdudlaşmır. Əsas məsələ onların fəaliyyətini əlaqələndirən düzgün qurulmuş institusional sistemin yaradılmasıdır.
Güclü nazirlik universitetlərin inkişafına yol açmalı, onlara maliyyə və institusional dəstək verməli, sağlam elmi rəqabət yaratmalıdır.
Güclü rektor universitetin intellektual potensialını hərəkətə gətirməli, resursları elmin, təhsilin və innovasiyaların inkişafına yönəltməlidir.
Güclü alim isə yaradılmış əlverişli şəraitdən istifadə edərək yeni bilik yaratmalı, elmi nəticələrini cəmiyyətin, iqtisadiyyatın və texnologiyaların inkişafına transfer etməlidir.
Bu zəncir işləmədikcə, təhsilə ayrılan vəsaitin artırılması öz-özlüyündə güclü elm və texnoloji müstəqillik yaratmayacaq.
Azərbaycanın qarşısında duran əsas vəzifə universitetləri inzibati baxımdan idarə olunan qurumlardan ölkənin intellektual, elmi və texnoloji inkişafının aparıcı institutlarına çevirməkdir. Bunun üçün təhsilin ölkənin bir nömrəli prioriteti olması yalnız rəsmi sənədlərdə deyil, dövlətin büdcə və kadr siyasətində, elmi qrantların bölüşdürülməsində və universitetlərin idarə olunmasında öz əksini tapmalıdır.
Bu gün universitetlərimizə qoyulan investisiya sabah cəmiyyətimizin intellektual gücünə çevriləcək...
Gələcəyin iqtisadi gücü yalnız yerin altındakı sərvətlə deyil, universitetlərin yaratdığı biliklə, yetişdirdiyi istedadlarla və formalaşdırdığı texnologiyalarla müəyyən olunacaq.
Güclü nazirlik – inkişaf üçün şərait yaradır.
Güclü rektor – universitetin potensialını hərəkətə gətirir.
Güclü alim – yeni bilik yaradır.
Güclü universitet – ölkənin gələcəyini formalaşdırır.
Güclü universitetin yaranması fərdi rəhbər keyfiyyətlərinin deyil, dövlət siyasəti, institusional muxtariyyət, maliyyə təminatı, akademik azadlıq və elmi yaradıcılığın qarşılıqlı fəaliyyətinin nəticəsidir.