Günahlarını yumaq üçün heykəlin altına girdi, güclə çıxartdılar

Hindistanda dini ayin zamanı daş fil heykəlinin ayaqları arasından keçmək istəyən kişi çətin vəziyyətə düşüb.

Yerli mediaya istinadən, hadisə Madhya-Pradeş ştatının Amarkantak şəhərində yerləşən Maa Narmada məbədində baş verib.

Narmada çayının mənbəyinin yerləşdiyi Amarkantak şəhəri yerli əhali tərəfindən müqəddəs ərazi hesab olunur.

Buradakı Maa Narmada məbədi isə hinduizmin mühüm ziyarət məkanlarından biridir.

Yerli inanclara görə, məbəddəki daş fil heykəlinin ayaqları arasındakı dar boşluqdan sürünərək keçmək arzuların gerçəkləşməsinə və insanın günahlarından arınmasına kömək edir.

Məbədi ziyarət edən kişi də bu ənənəyə əməl etmək istəyib. Lakin boşluğun darlığını düzgün qiymətləndirmədiyindən bel nahiyəsindən sıxılaraq nə irəli gedə, nə də geri qayıda bilib.

Ətrafına toplaşan ziyarətçilər kişiyə sakit qalmağı, dərindən nəfəs almağı və yavaş hərəkət etməyi tövsiyə ediblər.

Hətta qadınlardan biri onun daha rahat hərəkət etməsi üçün cibindəki pulqabısını çıxarıb.

Bir neçə dəqiqə davam edən səylərdən sonra kişi heykəlin altından çıxarılıb.