"Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiya referendumunun keçirilməsi ilə bağlı layihəni hazırkı parlament vasitəsilə qəbul etdirə bilməyəcək.
Bu barədə Maariflənmiş Ermənistan Partiyasının lideri Edmon Marukyan "Sputnik Ermənistan"a açıqlamasında bildirib.
"Hazırda, açığı, referendumun keçirilməsi perspektivini görmürəm. Növbədənkənar seçkinin keçirilməsi ehtimalını görürəm. Parlament müxalifətinə inanıram ki, onlar öz səslərini verməyəcəklər. Bu, Vanadzor merinin seçkisi deyil ki, qapalı səsvermə zamanı mandatları oğurlasınlar. Açıq səsvermə olacaq", - deyə Marukyan bildirib.
Siyasətçinin fikrincə, bu vəziyyətdə Paşinyan qanun layihəsini qəbul etdirə bilməyəcək və parlamenti buraxaraq növbədənkənar seçki keçirməli olacaq. Çünki burada layihənin keçməsi üçün bir-iki səsdən deyil, altı səsdən söhbət gedir.
"Paşinyan seçkinin nəticələrinə əsasən konstitusiya çoxluğu əldə etməyə, layihəni parlamentdə təsdiqləməyə və konstitusiya layihəsini referenduma çıxarmağa ümid edir. Bu, həm də vaxt qazanmaq imkanıdır. Dünyada hər şey qarışıb və qarışıq dövrlərdə yekun qərarlar qəbul etmək çətindir", - deyə Marukyan bildirib.
Onun sözlərinə görə, beynəlxalq KİV artıq Paşinyanın "tarixi addımlar" atdığını, "sülh naminə" yeni konstitusiya layihəsinin preambulasından Müstəqillik Bəyannaməsinə istinaddan imtina etdiyini və digər məsələləri yazırlar.