Restoranlarda təqdim olunan bulyonlar adətən şəffaf, təmiz və gözəl qızılı rəngdə olur. Lakin ev şəraitində eyni nəticəni əldə etmək hər zaman asan deyil. Hətta bişirmə zamanı köpük mütəmadi təmizlənsə belə, bulyon bəzən bulanıq qalır.
Xarici mediaya istinadən, təcrübəli aşpazlar bulyonun daha şəffaf və iştahaçan görünməsi üçün sadə üsuldan istifadə edirlər. Bunun üçün soyuducunun dondurucu bölməsindəki adi buz kubları kifayətdir.
Aşpazlar bulyona niyə buz əlavə edirlər?
Bulyonun bulanıq olmasının əsas səbəblərindən biri bişirmə zamanı ayrılan zülal hissəcikləri və xırda yağ damcılarıdır. Güclü qaynama zamanı bu maddələr mayeyə qarışaraq onun şəffaflığını azaldır. Belə hissəcikləri adi kəfkirlə təmizləmək bəzən çətin olur.
Bulyona bir neçə buz kubunun əlavə edilməsi mayenin müəyyən hissəsinin temperaturunu sürətlə aşağı salır. Bu zaman yağ və zülal hissəciklərinin bir hissəsi birləşərək səthdə toplana bilər. Nəticədə onları təmizləmək nisbətən asanlaşır. Lakin bu üsulun bulyonu tam şəffaflaşdıracağına zəmanət yoxdur. Nəticə bulyonun tərkibindən və bişirilmə şəraitindən asılıdır.
Bulyona buz necə əlavə edilməlidir?
Mütəxəssislər bu üsulu sınamaq üçün aşağıdakı ardıcıllığa əməl etməyi məsləhət görürlər. Əvvəlcə bulyonu demək olar ki, hazır vəziyyətə gətirmək lazımdır. Ət və ya tərəvəzlər kifayət qədər yumşalmalıdır. Bundan sonra ocağın istiliyi azaldılmalı və güclü qaynama dayandırılmalıdır.
Növbəti mərhələdə 3-4 litr bulyona 2-3 böyük buz kubu əlavə edilir. Təxminən 15-20 saniyə sonra buzlar və onların ətrafında toplanan hissəciklər kəfkir vasitəsilə ehtiyatla götürülür. Daha sonra qazanın qapağı bağlanır və bulyon 5-7 dəqiqə saxlanılır. Bu üsul bulyonun səthindəki bəzi yağ və köpük hissəciklərinin təmizlənməsinə kömək edə bilər.
Bulyonun şəffaf alınması üçün başqa hansı üsullar var?
Təcrübəli aşpazlar bulyonun şəffaf olması üçün bişirmə prosesinin başlanğıcından müəyyən qaydalara əməl etməyi tövsiyə edirlər. İlk növbədə, ətin üzərinə soyuq su tökülməli və su tədricən qızdırılmalıdır. Bu, bişirmə zamanı ayrılan köpüyün səthə çıxaraq təmizlənməsini asanlaşdırır. Su qaynamağa başladıqdan sonra ocağın istiliyi azaldılmalıdır.
Bulyon güclü şəkildə qaynamamalı, yalnız yüngül hərəkət etməlidir. Çünki intensiv qaynama yağ və zülal hissəciklərinin mayeyə qarışmasına səbəb olur. Duzun isə bişirmənin sonuna yaxın əlavə edilməsi məsləhət görülür. Bu, suyun buxarlanması nəticəsində bulyonun həddindən artıq duzlu olmasının qarşısını almağa kömək edir. Beləliklə, şəffaf və qızılı rəngli bulyon hazırlamaq üçün əsas şərt onun zəif odda, tədricən bişirilməsidir. Buz əlavə etmək isə səthdəki bəzi hissəcikləri toplamaq üçün istifadə edilə bilən əlavə mətbəx üsullarından biridir.