Bakının Badamdar qəsəbəsində baş verən torpaq sürüşməsi paytaxtda illərdir müzakirə olunan, hər dəfəsində təbiət hadisələri ilə yenidən gündəmə gələn ciddi bir problemdir. Bu barədə dəfələrlə yazsaq da qurumlar, müasir dövrün süni zəkası bu təbii hadisənin qarşısını ala bilmir.
Digər tərəfdən də tikinti aparılarkən sürüşmə aktivliyinin nəzərə alınmaması, insanları sonradan peşman etməyə başlayır Düşünür ki, görəsən yaşadığı ərazidə yer ayağının altından qaçmayacaq ki? Buna baxmayaraq nufuzlu yerlərdir deyə, həmin ərazidəki evlərə ətək-ətək pul tökənlər var.
MÖVZU İLƏ BAĞLI:
Maraqlıdır, paytaxtın hansı yaşayış massivləri hazırda təhlükəli yamaclarda yerləşir?
İlin son araşdırmalarına əsasən xüsusilə Bayıl yamacı və Bibiheybət istiqamətində təhlükəli sahələr var. Əhmədli və Günəşli (Köhnə, Yeni), xüsusən də Gəncə prospektinin ətrafı riskli hesab olunur. Yeni Yasamalın da bəzi yamac hissələrində, xüsusilə tikinti və relyef dəyişiklikləri olan sahələrdə lokal risklər qeyd edilir.
Şəhidlər Xiyabanının aşağı yamacları, Bakı Teleqülləsinin ətrafı, Gülüstan sarayı və Əbədi məşəl kompleksi ətrafındakı yamaclar da geoloji risk siyahılarında yer alıb.
Ekspertlərin fikrincə bu ərazilərdə sürüşmənin baş verməsi əsasən intensiv yağışlar nəticəsində yeraltı suların səviyyəsinin yüksəlməsi, istinad divarlarının zəifləməsinin bəhrəsidir. Ərazidə aparılan tikinti işləri də yamaclarda sürüşməni aktivləşdirir.
Amma işin qəribə tərəfi odur ki, bu ərazilərdə torpağın sotu da, evin kvadrat metri də od qiymətinədir. Bəs əgər ərazi sürüşmə təhlükəsi daşıyırsa, orada torpağın və mənzilin qiyməti niyə bu qədər yüksəkdir?
Əmlak məsələləri üzrə eksper Rəsul Nağıyev bildirir ki, bu sualın cavabı təkcə alıcının məlumatsızlığında deyil. Məsələnin arxasında daşınmaz əmlak bazarı və ona verilən icazələr dayanır.
“Sürüşmə riski ola-ola niyə tikinti aparılır? Çünki insanları inandırırlar ki, sürüşmə riski bütün əraziyə aid deyil.
Məsələn, Badamdarın bir küçəsində sürüşmə təhlükəsi olduğu halda, yaxınlıqdakı başqa sahə daha dayanıqlıdır. Amma istənilən halda küçənin bir tərəfi sürüşüb o biri tərəfi salamat qalsa da o ərazidəki evlər qəzalı sayılır. Həmin ərazilərdə torpaq həmişə baha olub. Bu da onun geoloji vəziyyətinə təsir etmir. Badamdar, Bayıl və digər prestijli ərazilərdə mənzərəyə, şəhər mərkəzinə yaxınlığa və infrastruktura görə qiymətlər yüksəkdir, sürüşsə də belədir, sürüşməsə də”.
Qeyd edək ki, 2016-cı il 18 yanvar tarixli 6 nömrəli qərarla koordinatları müəyyən edilmiş sürüşmə təhlükəli sahələrdə tikinti qadağan edilib. Şəhərsalma və Tikinti Məcəlləsinin 67-ci maddəsinə əsasən, mühəndis-axtarış işlərinin nəticələri olmadan tikinti obyektinin layihələndirilməsinə yol verilmir.
Şəfiqə Şəfa, Bizim.Media