Uyğunluq bəyannaməsini istehsalçı və ya sahibkar tərtib edəcək

Azərbaycanda malların uyğunluq bəyannaməsinin tərtib edilməsi və uyğunluğun təsdiqlənməsi qaydalarına dəyişiklik edilməsi təklif olunur.

Qanun layihəsinə əsasən, texniki reqlamentdə nəzərdə tutulan uyğunluq bəyannaməsi təsərrüfat subyekti tərəfindən tərtib ediləcək.

Bununla yanaşı, bəzi hallarda uyğunluq bəyannaməsinin hazırlanması ilə yanaşı, uyğunluğun təsdiqlənməsi məqsədilə uyğunluğu qiymətləndirən qurumun cəlb edilməsi də tələb olunacaq.

Bu tələb texniki reqlamentlərdə nəzərdə tutulduğu hallarda tətbiq ediləcək.

Layihədə həmçinin uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin hansı mallar üçün tələb olunmasının texniki reqlamentlə müəyyənləşdirilməsi nəzərdə tutulur.

Beləliklə, uyğunluq sənədlərinin tərtib edilməsi və qiymətləndirmə qurumlarının prosesə cəlb olunması ilə bağlı tələblər konkret texniki reqlamentlər əsasında müəyyən ediləcək.

Dəyişikliklər uyğunluğun qiymətləndirilməsi prosesində təsərrüfat subyektlərinin öhdəliklərinin və sertifikatlaşdırma mexanizminin dəqiqləşdirilməsinə xidmət edir.