Estoniya XİN başçısı: Azərbaycanla təhlükəsizlik məsələlərində oxşar mövqelərə malikik

Azərbaycan və Estoniya təhlükəsizlik məsələlərində oxşar mövqelərə malik iki ölkədir.

Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Estoniya XİN başçısı bu gün səhər Azərbaycan Prezidenti İlham Əliyevlə maraqlı görüş keçirdiyini qeyd edib:

"Biz geniş spektrli məsələləri müzakirə etdik və qlobal təhlükəsizliklə bağlı narahatlığımızı bildirdik", - o qeyd edib.

M.Tsahkna bu gün Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin açılışının baş tutduğunu xatırladıb. Onun sözlərinə görə, səfirliyin açılması mühüm hadisə və hərtərəfli ölçülüb-biçilmiş qərardır.

"Biz bu qərarı xalqlarımız uzunmüddətli münasibətlər tarixinə, bir çox cəhətdən oxşar baxışlara, çoxsaylı şəxsi əlaqələrə, həmçinin ümumi çağırışlara və maraqlara malik olduğuna görə qəbul etmişik. Şübhəsiz ki, Bakıda, Azərbaycanda səfirliyin açılması bizim uzunmüddətli öhdəliyimizdir", - o qeyd edib.

XİN başçısı həmçinin vurğulayıb ki, son bir il ərzində bütün istiqamətlərdə ikitərəfli münasibətlər əhəmiyyətli dərəcədə möhkəmlənib.

"Təkcə bu ay Tallində hökumətlərarası komissiyanın iclası keçirilib. Bu, artıq əməkdaşlığın tamamilə praktiki səviyyəsidir, çünki özəl sektor şirkətləri ilə dövlət strukturları arasında qarşılıqlı fəaliyyət konkret və aydın şəkildə müəyyən edilmiş ümumi maraqlar əsasında inkişaf edir", - nazir qeyd edib.