Azərbaycanda xüsusi karantin rejiminin növbəti dəfə uzadılması quru sərhədlərin 2027-ci ildə açılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Artıq uzun müddətdir bağlı saxlanılan quru sərhədlərin gələn il açılması nə dərəcədə realdır?
Mövzu ilə bağlı Busaat.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirir ki, artıq yeddi ilə yaxındır ki, sərhədlər bağlıdır və bundan xüsusilə sərhədyanı rayonlarda yaşayan insanlar əziyyət çəkirlər.
“Dolayısı ilə bütün Azərbaycan vətəndaşları da bu məhdudiyyətlərin təsirini hiss edir. İstər səfər, istər iş, istərsə də sağlamlıq məqsədilə xaricə getmək istəyənlər əlavə çətinliklərlə üzləşirlər”.
Onun fikrincə, hava nəqliyyatı ilə ölkəyə daxil olmaq mümkündürsə, quru yollarında da eyni təhlükəsizlik prinsipləri tətbiq edilə bilər.
T.Abbaslı quru sərhədlərin bağlanmasının iqtisadi nəticələrinə də diqqət çəkib. O, bildirib ki, əvvəllər sərhədyanı bölgələrdə yaşayan insanlar qonşu ölkələrə gedərək daha ucuz ərzaq və digər gündəlik tələbat məhsulları alır, bəziləri isə bu məhsulları satış məqsədilə ölkəyə gətirirdilər. Bu, həm əhalinin daha sərfəli qiymətlərlə alış-veriş etməsinə, həm də yerli səviyyədə əlavə qazanc imkanlarının yaranmasına şərait yaradırdı.
Onun sözlərinə görə, sərhədlərin bağlanması bu imkanları aradan qaldırmaqla yanaşı, xarici səfərlərin qiymətini də əhəmiyyətli dərəcədə artırıb:
“Əvvəllər Bakıdan Gürcüstana qatarla getmək 20-25 manata başa gəlirdi. İndi isə bu istiqamətdə səfərlərin qiyməti xeyli yüksəkdir. Təyyarə ilə ən ucuz səfərlər 200 manatdan başlayırdı. İndi qatar biletlərinin qiyməti 60-70 manat civarındadır. Bu prosesdən qazanan yeganə struktur nəqliyyat sahəsidir. İnsanların əvvəllər daha az xərc çəkərək həyata keçirdiyi səfərlər indi onlara baha başa gəlir”.
Tural Abbaslı hesab edir ki, quru sərhədlərin açılması üçün 2027-ci ili gözləməyə ehtiyac yoxdur. O, məhdudiyyətlərin hətta 2026-cı ilin dekabrında aradan qaldırıla biləcəyini istisna etməyib.
“Düşünürəm ki, quru sərhədlər 2027-ci ili gözləmədən, elə bu ildən açılmalıdır. Hətta dekabr ayında da bu qərar verilə bilər. Sərhədlərin nə vaxt açılacağı ilə bağlı konkret proqnoz vermək çətindir”.
Qeyd edək ki, Tural Abbaslının səsləndirdiyi fikirlər onun şəxsi siyasi mövqeyidir. Quru sərhədlərin 2027-ci ildə açılıb-açılmayacağı ilə bağlı isə hələlik rəsmi qərar açıqlanmayıb.
Şəhla Sabirli