Yeddi ölkə danışıqları boykot etdi, Makrona "Müsyö Şantaj" ləqəbi verildi - Brüssel sammitində büdcə QALMAQALI

Brüssel sammitində Avropa İttifaqının (Aİ) uzunmüddətli büdcəsi ilə bağlı aparılan danışıqlar liderlər arasında fikir ayrılıqlarını daha da dərinləşdirib. Xərclərin azaldılmasını müdafiə edən yeddi ölkə müzakirələri davam etdirməkdən imtina edərək Avropa Şurasının Prezidenti Antonio Koştanın vasitəçilikdən kənarlaşdırılmasını tələb edib.

"Politico" nəşrinə istinadən, noyabrın 25-i axşam saatlarında Danimarka, Almaniya, Niderland, Avstriya, Finlandiya, İsveç və Belçika A.Koştanın danışıqlar üçün seçdiyi formata kəskin etiraz ediblər. Diplomatik mənbələrin bildirdiyinə görə, bu ölkələrin liderləri prosesin gedişindən ciddi narazıdırlar və müzakirələri davam etdirmək üçün başqa vasitəçilərə ehtiyac olduğunu bəyan ediblər.

A.Koştanın tətbiq etdiyi danışıqlar taktikası hər iki əks düşərgənin narazılığına səbəb olub. Büdcənin artırılmasını dəstəkləyən ölkələrdən birinin diplomatı qeyd edib ki, hökumətlər rəqibləri qarşısında "qırmızı xətlərini" açıqlamaqdan çəkindikləri üçün görüşlərin kiçik qruplar formatında keçirilməsi qərarı özünü doğrultmayıb.

Sammit büdcə ixtisarlarını tələb edən "qənaətcil" ölkələrlə, İspaniya və İtaliyanın da daxil olduğu "Birlik Siyasəti Dostları" qrupu arasında kəskin ziddiyyətləri üzə çıxarıb. Sonuncular kənd təsərrüfatı və regional inkişaf xərclərinin azaldılmasına qarşı çıxırlar. Yeddi ölkənin boykot addımı ilin sonunadək bütün 27 üzv dövlətlə razılığa gəlməyə ümid edən A.Koştanın mövqeyini xeyli zəiflədib.

Gərginlik fonunda A.Koşta danışıqları növbəti gün davam etdirmək planından imtina edib. Onun Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə gecə saat 01:00-da keçirdiyi yekun mətbuat konfransı cəmi 11 dəqiqə davam edib. Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange isə prosesin nəticəsizliyini belə şərh edib:

"Bu qədər səy, bu qədər siyasi səs-küy, bu qədər gurultulu bəyanatlar — və sonda heç nə".

Aİ-nin 2028–2034-cü illər üzrə çoxillik büdcəsini razılaşdırmaq üçün rəsmi olaraq hələ bir il vaxtı qalsa da, liderlər prosesi 2027-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkilərindən əvvəl yekunlaşdırmağa çalışırlar. Fransa Prezidenti Emmanuel Makron A.Koştanın təklif etdiyi xərc ixtisarlarını Avropa üçün "strateji səhv" adlandıraraq, seçkilərə görə danışıqların gələn ilin əvvəlinə saxlanılmasının "demokratik baxımdan qəbuledilməz" olduğunu vurğulayıb.

E.Makronun bu tələbi bəzi iştirakçıların hiddətinə səbəb olub, hətta avropalı diplomatlardan biri ona "Müsyö Şantaj" ləqəbini verib:

"Buraya gəlib öz milli seçkiləriniz naminə danışıqları girov götürmək olduqca cəsarətlidir".

İtaliyanın Baş naziri Corcia Meloni isə tələsmədiyini bildirib: "Mənim son tarixim yoxdur, şərtlərim var. Sazişi yalnız İtaliya üçün ədalətli hesab etdiyim zaman imzalayacağam".

Avropa Komissiyası ilkin olaraq təxminən 2 trilyon avroluq büdcə layihəsi irəli sürmüşdü. Sammitdən əvvəl A.Koşta məbləği 204 milyard avro azaltmağı təklif etsə də, danışıqlar zamanı bu rəqəmi "qənaətcil" ölkələrin tələbinə uyğun olaraq 220–230 milyard avroya çatdırmağa hazır olduğunu bildirib. Finlandiyanın Baş naziri Petteri Orpo isə 250 milyard avroluq ixtisarda israr edib və Koştanın davranışından narazı qalaraq danışıqları tərk edən ilk liderlərdən olub.

Zirvə görüşündən sonra A.Koşta 10 saatlıq müzakirələrin dekabrın 17-də keçiriləcək növbəti sammitdə mümkün kompromis üçün parametrləri müəyyənləşdirməyə kömək etdiyini bildirsə də, o, cümə günü səhər tezdən razılaşmanın əldə olunmadığını rəsmi təsdiqləyənə qədər liderlərin əksəriyyəti artıq Brüsseli tərk etmişdi.