Fuad Axundov: Erməni alimləri ilə elmi əməkdaşlıq üçün imkanlar yaranıb

Hazırda regionda yeni mərhələ başlayıb və erməni alimləri ilə elmi əməkdaşlıq üçün imkanlar yaranıb.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov "Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində" adlı XIII Beynəlxalq elmi konfransdakı çıxışında deyib.

Gəncəsər monastırındakı Alban irsi ilə bağlı araşdırmalara da toxunan F.Axundov bildirib ki, kitabədəki yazıya əsasən, həmin abidə 1240-cı ildə Alban katolikosu Nersesin dövründə inşa edildiyini təsdiqləyir.

O, erməni alimlərini məsələyə konstruktiv yanaşmağa və kitabədəki yazını yerində araşdırmağa çağırıb: "Erməni alimlərinə müraciət edirəm ki, konstruktiv işləməyin vaxtı çatıb. Gəlin, baxın, kitabədə Alban katolikosu yazılıb. Orada belə bir yazının olmadığını iddia edən yalanların qarşısını almaq lazımdır".

F.Axundov hazırda regionda yeni mərhələnin başlandığını və bunun erməni alimləri ilə elmi əməkdaşlıq üçün imkanlar yaratdığını da bildirib.