Avropa liderləri Ukraynaya görə Trampla açıq qarşıdurmaya hazırlaşırlar

Avropa İttifaqı (Aİ) liderləri getdikcə ABŞ Prezidenti Donald Trampla mümkün açıq qarşıdurma ideyasına daha çox meyl edirlər. Bu qarşıdurma rəqəmsal xidmətlərə tətbiq olunan vergilərdən tutmuş müdafiə satınalmaları qaydalarına və Ukraynaya yardımın maliyyələşdirilməsinə qədər bir sıra mühüm məsələləri əhatə edir.

Bu barədə “Politico” məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp Avropanın Ukraynaya uzunmüddətli dəstəyindən ciddi narazıdır. Avropa İttifaqı isə bu ilin sonunadək Kiyevə 45 milyard avro məbləğində yeni kreditin təsdiqlənməsinə hazırlaşır. Bununla belə, illərlə davam edən ticarət müharibələri və Ukrayna siyasəti ətrafında yaranan gərginlikdən sonra Avropa liderləri Vaşinqtonla davamlı mübahisələrə artıq alışmağa başlayıblar.

Digər problemli istiqamət isə Avropa Şurasının prezidenti Antonio Koştanın müdafiə satınalmalarında “Avropa prioriteti” prinsipinin büdcədə təsbit edilməsi təklifidir. Aİ-nin yeddiillik büdcə layihəsində müdafiə və kosmos sahələrində məhz belə bir prioritet nəzərdə tutulur. Bu isə o deməkdir ki, ABŞ şirkətləri Aİ büdcəsi hesabına maliyyələşdirilən sərfəli müqavilələr uğrunda mübarizədə iştirak edə bilməyəcəklər. Təklif artıq ABŞ rəsmilərin kəskin tənqidinə səbəb olub.

Noyabrın 19-da Aİ liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi son telefon danışığından sonra Donald Tramp yenidən Ukraynaya silah və maliyyə yardımı göstərilməsi üçün “milyardların havaya sovrulmasından” narazılığını bildirib. Tramp bu vəsaitlərin çoxlu insanın həlak olduğu müharibəyə xərcləndiyini vurğulayıb. Amma görünür, Aİ liderləri Trampın bu narazılığını nəzərə almayıblar. Çünki hazırda Ukraynaya daha 45 milyard avro məbləğində kredit ayrılması təklifini nəzərdən keçirirlər.

Ümumilikdə, Aİ büdcəsində Ukrayna üçün təxminən 100 milyard avro nəzərdə tutulub. Bundan əlavə, Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri Kiyevə əlavə kreditlərin ayrılması ilə bağlı fəal müzakirələrin aparıldığını bildiriblər.