Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük ödənişləri alınmayacaq

Azərbaycanda dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük ödənişləri alınmayacaq.

Trend-in müxbirinin xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük ödənişləri alınmayacaq.

Hazırda qüvvədə olan qanunvericiliyə görə isə, dövlətin xeyrinə imtina edilmiş mallara görə yalnız gömrük rüsumları, vergilər alınmır.

Məlumat üçün bildirək ki, Gömrük Məcəlləsində, Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Tullantılar haqqında” qanunlarda və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinə aşağıdakılar aiddir:

  • gömrük rüsumları;
  • əlavə dəyər vergisi;
  • aksizlər;
  • yol vergisi;
  • gömrük yığımları;
  • haqq;
  • dövlət rüsumu.

Beləliklə, dəyişikliklə dövlətin xeyrinə imtina edilən mallara görə alınmayan ödənişlərin əhatə dairəsi genişləndiriləcək. Belə ki, əvvəlki qaydada yalnız gömrük rüsumları və vergilər nəzərdə tutulduğu halda, yeni yanaşmaya əsasən gömrük yığımları, yol vergisi, aksizlər, dövlət rüsumu və digər gömrük ödənişləri də bu güzəştə daxil edilir. Yəni həmin mallara görə sadalanan ödənişlərin heç biri tutulmayacaq.