Azərbaycan karbamidi Fransa və Cənubi Afrika bazarlarına çıxıb

Azərbaycan 2026-cı ilin ilk üç rübündə Fransaya 5,71 milyon, Cənubi Afrika Respublikasına isə 14,43 milyon dollar dəyərində karbamid ixrac edib. Bu Azərbaycanın azot gübrəsi üçün yeni bazardır.

Fransaya 19,06 min ton, Cənubi Afrikaya isə 30,95 min ton məhsul göndərilib.

Bolqarıstana ixrac 2026-cı ildə 10,09 milyon dollar olub. Bu ölkəyə 2022-ci ildə 40,11 milyon, 2023-cü ildə 1,72 milyon dollarlıq məhsul satılıb, 2024–2025-ci illərdə isə ixrac olmayıb.

Böyük Britaniyaya da üçillik fasilədən sonra 4,55 milyon dollarlıq karbamid göndərilib. Rumıniyaya ixrac isə 1,37 milyon dollardan 8 milyon dollara yüksəlib.

Azərbaycanın ilk üç rüb üzrə karbamid ixracı 2022-ci ildə 163,49 milyon, 2023-cü ildə 50,41 milyon, 2024-cü ildə 89,94 milyon, 2025-ci ildə 131,89 milyon dollar olub.

2026-cı ildə ixrac 3,9% azalaraq 126,68 milyon dollara, fiziki həcm isə 23,5% azalaraq 326,76 min tona düşüb. Ən böyük alıcı Ukraynaya ixrac 101,51 milyon dollardan 65,98 milyon dollara enib.

Dövlət Statistika Komitəsinə görə, ölkədə karbamid istehsalı 13,5% azalaraq 419,6 min ton təşkil edib.

Karbamid 2019-cu ildə istifadəyə verilmiş, Sumqayıtdakı “SOCAR Karbamid” zavodunda istehsal olunur. Müəssisənin illik istehsal gücü 650–660 min tondur.

Zavod ildə 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etmək gücündədir. Burada ammonyak və karbon qazından kənd təsərrüfatı üçün azot gübrəsi hazırlanır. SOCAR-ın məlumatına görə, müəssisə daxili tələbatı ödəməklə yanaşı, məhsulunun 70%-dən çoxunu ixrac edir.