Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama

Aparıcı Fira Cəlilovanın (Firuzə Cəlilova) Novxanı qəsəbəsindəki bağ evinə basqın edildiyi barədə iddiasına Daxili İşlər Nazirliyi (DİN) münasibət bildirib.

Aparıcı noyabrın 26-da saat 22:00 radələrində təxminən 15 nəfərin beş avtomobillə bağ evinə gəldiyini və evdən müxtəlif əşyaların oğurlandığını iddia edib. O, bu barədə “Instagram” hesabında məlumat və hadisə ilə bağlı kadrlar paylaşıb.

Cəlilovanın sözlərinə görə, evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində brilyant sırğalar, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar götürülüb.

Aparıcı hadisədə iştirak etdiyini iddia etdiyi avtomobillərdən dördünün dövlət qeydiyyat nişanlarını da paylaşıb: 99-ME-007, 90-YA-094, 10-CE-025 və 90-NS-727.

DİN-in mətbuat xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərindən birində axtarışda olan şəxsin yeri müəyyən edilib.

“İstintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə. Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır”, - məlumatda qeyd olunub.