MDB+? Rusiya nə məqsəd güdür? – Azərbaycanlı deputat: “Ümid edirik ki, alı…

Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin baş katibi Sergey Lebedev bəyan edib ki, MDB+ və MDB yanında müşahidəçi formatları yaratmaq nəzərdə tutulur. Onun sözlərinə görə, İran MDB+ formatının ilk üzvü ola bilər. Başqa mümkün üzvlər kimi baş katib Monqolustan və Serbiyanın adını hallandırıb.

MDB-nin genişləndirilməsinə, format dəyişikliyinə gedilməsinə zərurət varmı? Bu təşəbbüsdə məqsəd qurumun real siyasi və iqtisadi təsirini artırmaqdır, yoxsa qeyd olunanlar formal dəyişikliklərdir? MDB-də yeni formatların ortaya çıxması Rusiyanın təşkilatdakı mövqeyinə və postsovet məkanında təsir imkanlarına necə təsir göstərə bilər? Mümkün genişlənmə və format dəyişikliyi Azərbaycanın maraqlarına nə dərəcədə cavab verir?

Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu Medianews.az-a deyib ki, Sergey Lebedevin səsləndirdiyi fikirlər Rusiyanın postsovet məkanında daha monolit ittifaq yaratmaq diplomatiyasından xəbər verir: “Nəzərdə tutulan yeni MDB+ formatı isə postsovet məkanına daxil olmayan ölkələrin də quruma qoşulmasını ehtiva edir. Bu, MDB-nin heç vaxt tamhüquqlu birlik olmadığını göstərir. Müstəqil Dövlətlər Birliyi adlansa da, əslində, həmişə münaqişə edən dövlətlərin birliyi olub. Quruma üzv ölkələrin təxminən üçdə ikisinin təşkilatın təşəbbüskarı və təsisçisi olan Rusiya ilə münaqişələri yaşanıb. Beləliklə, MDB-nin formal təşkilat olduğu üzə çıxır. MDB bir qurum kimi nə yerləşdiyi strateji coğrafiyanın, nə üzv ölkələrin təhlükəsizlik tələbatının, yaxud siyasi maraqlarının nəticəsidir. Onun fəaliyyəti əsasən SSRİ-dən miras qalmış iqtisadi əlaqələrin qorunması və üzv dövlətlər arasında əmək qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsi ilə məhdudlaşıb. MDB-nin tamhüquqlu birlik olmadığını həm də bu məqamları nəzərə alaraq deyirəm.

Sergey Lebedevin qeyd etdiyi yeni format, İran, Monqolustan və Serbiya kimi dövlətlərin təşkilata daxil ola biləcəyi barədə ehtimallar MDB-ni böyümək təşəbbüsündən də xəbər verir. Mənə elə gəlir ki, Rusiya Şərqi Avropada, Balkan yarımadasında NATO qarşısında itirdiyi mövqeləri yenidən qazanmağa çalışır. Lakin bu da baş tutmayacaq. Çünki Serbiyada siyasi kurs dəyişir. Ukrayna müharibəsi fonunda Qərbin birliyi daha da möhkəmlənir. Slavyan dəstəyinə ümid edən Rusiya indiyədək bu cəhətdən ciddi nəticə əldə edə bilməyib. Ona görə Serbiyada formalaşan yeni siyasi düşüncə, yeni nəsil bu prosesdə iştirak etməyə heç həvəs göstərməyə, hətta bundan imtina edə bilər.

Rusiya Asiyada möhkəmlənməyə də çalışır. Çünki Şimali Avropada, Şimal-Qərbi Avropada, eləcə də Şərqi Avropada mövqelərini itirib. Bütün Balkan yarımadası, Şərqi Avropa, şimal sərhədləri boyunca qonşuları ona əks blokda birləşib. Asiyada isə Azərbaycanla Türkiyənin liderlik etdiyi yeni bir ittifaq - Türk Dövlətləri Təşkilatı güclənir. Belə olan halda həm Rusiya, həm də İran öz mövqelərini qorumaq üçün yeni ittifaq axtarışındadır”.

İranın da vaxtilə farsdilli dövlətlər birliyi yaratmaq ideyası irəli sürdüyünü xatırladan Hikmət Babaoğlu deyib ki, Tehran həmin təşəbbüs çərçivəsində Əfqanıstan və Tacikistanı, eləcə də Mərkəzi Asiya ölkələrini bir araya gətirməklə türk dövlətlərinin inteqrasiyasına alternativ formalaşdırmağa çalışırdı: “Lakin bu ideya da ciddi perspektivə malik olmadı və reallaşmadı. İndiki axtarışlar çərçivəsində Rusiya ilə İranın yaxınlaşması Türk Dövlətləri Təşkilatına alternativ yaratmaq baxımından nəzərdən keçirilə bilər. Belə bir birlik Rusiya ərazisində yaşayan, türk dövlətləri ilə inteqrasiyaya meyilli olan türkdilli federasiya subyektləri üzərində Kremlin təzyiqini artıra bilər. Hesab edirəm ki, həm regional, həm də qlobal aktorlar bu ehtimalın fərqindədirlər.

MDB-ni böyütmək ideyasının reallaşması real görünmür. Bunun əsas səbəblərindən biri Rusiyanın keçmiş və indiki MDB üzvləri ilə mövcud münaqişələridir. Ukrayna, Azərbaycan və Moldova ilə yaşanan problemlərlə bərabər Qazaxıstan və Özbəkistan kimi ölkələrlə yarana biləcək fikir ayrılıqları da belə bir birliyin formalaşmasını çətinləşdirir. Ona görə bu perspektivin reallaşacağı inandırıcı görünmür.

Əslində, bu bir axtarışıdır. Bir qədər əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Türk Dövlətləri Təşkilatına müşahidəçi statusda qoşula biləcəyini demişdi. Görünür, bu perspektivin real olmadığı nəzərə alınaraq yenidən mübahisəli MDB+ formatı gündəmə gətirilir”.

MDB-nin mümkün genişlənməsinin, qurumda format dəyişikliyinin Azərbaycanın maraqlarına uyğun olub-olmadığına gəlincə, Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan üzv olduğu və liderlik etdiyi Türk Dövlətləri Təşkilatını gücləndirməyə çalışır: “Prezident İlham Əliyev də qeyd etmişdi ki, yeni dünya nizamında Türk Dövlətləri Təşkilatı ilə birgə qlobal güc mərkəzlərindən birinə çevrilə bilərik. Belə olan halda MDB-də nəzərdə tutulan yeni təşkilatlanma, o cümlədən MDB+ formatı Azərbaycanın maraqlarına uyğun deyil.

Azərbaycan əslində MDB-yə məcburən qoşulmuş ölkədir. Ölkəmiz bu təşkilata üzv olmaqla Rusiyanın yaratdığı Qarabağ probleminin həllinə nail olmağa çalışırdı. Lakin tarix bunun mümkünsüzlüyünü sübuta yetirdi. İmperiya siyasəti yürüdən Rusiya ATƏT-in Minsk qrupunun həmsədri statusundan da sui-istifadə etməklə Qarabağ probleminin həllinə sonadək müqavimət göstərdi. Bu gün də Rusiya Azərbaycanın qələbəsini həzm edə bilmir.

Bütün bunları nəzərə aldıqda MDB-nin genişlənməsi, MDB+ formatının yaradılması kimi təşəbbüslərin Azərbaycanın maraqlarına cavab vermədiyi aydınlaşır. Ümid edirik ki, belə bir format yaranmayacaq”.

Xatırladaq ki, MDB-nin İcraiyyə Komitəsi Belarusun paytaxtı Minskdə yerləşir. Rusiyalı Sergey Lebedev 2007-ci ildən İcraiyyə Komitəsinin sədri-icra katibi postunu tutub, 2023-cü ildə baş katib statusu alıb.

MDB Sovet Sosialist Respublikaları İttifaqının qalıqları üzərində, Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 1991-ci il dekabrın 8-i Belarusda imzaladığı sazişlə yaradılıb.

Dekabrın 20-də Azərbaycan parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulmasını məqsədəuyğun saymayan qərar qəbul edib.

Dekabrın 21-i Alma-Atada (Almatı – Qazaxıstan) Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan 8 dekabr sazişini imzalayaraq MDB-yə qoşulublar.

1992-ci il oktyabrın 7-də Azərbaycan parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulmasını təsdiqləməyib.

1993-cü il yanvarın 22-də Minskdə MDB-nin nizamnaməsi qəbul olunub. Sənəd Ukrayna və Türkmənistanda ratifikasiya olunmayıb, həmin vaxtdan bu iki dövlət MDB-nin üzvləri yox, təsisçiləri və iştirakçıları sayılıb.

Sentyabrın 20-də Azərbaycan parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulması barədə qərar çıxarıb, sentyabrın 24-də məsələ həllini tapıb.

Dekabrın 9-da Gürcüstan da MDB-yə qoşulub.

2005-ci ildə Türkmənistan MDB-nin müşahidəçi üzvü statusu alıb.

Rusiyanın təcavüzünə məruz qalan Gürcüstan 2008-ci il avqustun 18-də MDB-dən çıxmaq barədə nota verib. Təşkilatın nizamnaməsinə uyğun olaraq bir il sonra Gürcüstanın MDB-dən ayrılması rəsmiləşib.

Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərdən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci il avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanı “müstəqil dövlət” kimi tanıyıb. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.

Rusiyanın təcavüzü ilə üzləşən Ukrayna 2014-cü ildən başlayaraq MDB-nin tədbirlərini boykot edib və qurumdan ayrılmaq istiqamətində rəsmi qərarlar çıxarıb, 2018-ci il mayın 19-da tam üzülüşüb.

2014-cü ildən Rusiya Ukraynada işğalçı müharibə aparır, həmin il Krım yarımadasını, 2022-ci ildə isə Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Ukraynaya təcavüz dalğasında Moldova da MDB-dən ayrılmaq yolu tutub, 2026-cı il aprelin 6-da bu barədə rəsmi qərar verib. Üzülüşmə prosesi 2027-ci il aprelin 7-də başa çatacaq.

1990-cı ildə Moldovanın Dnestryanı bölgəsi ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub və o zamandan bəri ərazini nəzarətdə saxlayır.