Rusiya Avropa ölkələrində təxribat fəaliyyətlərini gücləndirərək dəmir yolları, hava limanları və enerji şəbəkələri kimi mühüm infrastruktur obyektlərini hədəfə alır. Bu isə çoxsaylı insan tələfatı ilə nəticələnə biləcək hadisələrin baş verməsi riskini artırır.
"UNİAN" istinadla, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hesabatında bildirilib. Məlumatı "CNN" yayıb.
Hesabatda qeyd olunur ki, son bir ildə Rusiyanın təxribat fəaliyyətlərində artım müşahidə edilir. Xüsusilə partlayıcı qurğulardan istifadə və yanğın törətmə halları təxminən iki dəfə çoxalıb. Analitiklərin fikrincə, bu cür əməliyyatlar Avropada kütləvi insan tələfatına səbəb ola bilər.
Araşdırmaya əsasən, Rusiya ilə əlaqələndirilən təxribat hadisələrinin yarıdan çoxu 2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrınadək Almaniya və Polşada qeydə alınıb. Bu ölkələr Ukraynaya dəstək göstərilməsində mühüm logistika və sənaye imkanlarına malikdir.
IISS-in təhlilinə görə, həmin dövrdə Polşada Moskva ilə əlaqələndirilən 29 insident baş verib. Onlardan biri 2025-ci ilin noyabrında Varşavanı Ukrayna sərhədi ilə birləşdirən dəmir yolu xəttində partlayışın törədilməsi olub. Hadisə nəticəsində dəmir yolu infrastrukturu zədələnsə də, insan tələfatı qeydə alınmayıb. Polşanın baş naziri Donald Tusk partlayışın qatarı məhv etmək məqsədilə planlaşdırıldığını bildirmişdi.
Hesabat müəlliflərinin qənaətinə görə, hücumlar əsasən Ukraynaya hərbi dəstək baxımından əhəmiyyətli olan sahələrə yönəldilir. Bununla yanaşı, mülki infrastrukturun və strateji əhəmiyyətli obyektlərin hədəfə alınması Avropa ictimaiyyətində etimadı sarsıtmaq və Ukraynaya dəstəyi zəiflətmək məqsədi daşıya bilər.
Avropada təxribat şəbəkələri fəaliyyət göstərir...
Hesabatda bildirilir ki, Rusiya xüsusi xidmət orqanları Avropada təxribat əməliyyatlarını həyata keçirən vasitəçi şəxslərdən ibarət şəbəkə formalaşdırıb. Bu şəxslər getdikcə daha mürəkkəb üsullardan, o cümlədən taymer və detonatorlarla təchiz edilmiş kustar partlayıcı qurğulardan istifadə etməyi öyrənirlər.
Bir sıra hallarda təxribatçıların saxlanılmasına, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının ölkələrdən çıxarılmasına və bəzi konsulluqların bağlanmasına baxmayaraq, hücumların intensivliyi əhəmiyyətli dərəcədə azalmayıb.
Hesabatda vurğulanır ki, təxribatların icraçılarına qarşı görülən tədbirlər hələlik bu əməliyyatları təşkil edən və idarə edən Rusiya xüsusi xidmət orqanlarına ciddi təsir göstərməyib.
Sənəddə həmçinin Rusiyanın dəstəklədiyi təxribatların Avropa ölkələrində dalğavari şəkildə baş verdiyi bildirilir. Bu isə əməliyyatların Moskvada mərkəzləşdirilmiş qaydada planlaşdırıla biləcəyinə işarə edir.
Analitiklərin fikrincə, bəzi şəbəkələr bir neçə ölkədəki hücumları əlaqələndirə bilir. Eyni zamanda, müxtəlif ölkələrdə paralel fəaliyyət göstərən rəqabətli şəbəkələrin mövcudluğu da istisna edilmir.
Hesabatda Rusiyanın bu fəaliyyətlərinin iki əsas məqsədi olduğu qeyd edilir. Birinci məqsəd Ukraynaya hərbi yardımın çatdırılmasına mane olmaq və ya onu gecikdirməkdir. İkinci məqsəd isə Avropa hökumətləri üçün Kiyevə dəstəyi iqtisadi və siyasi baxımdan daha baha başa gələn prosesə çevirməkdir.
S.Laçın