Ukrayna Rusiyanın hərbi aerodromuna “Neptun” raketləri ilə zərbə endirib

Ukrayna Silahlı Qüvvələri noyabrın 26-na keçən gecə Rusiyanın Volqoqrad vilayətində yerləşən “Marinovka” hərbi aerodromunu raket zərbəsinə məruz qoyub. Hücum zamanı Ukraynanın “Neptun” raket kompleksindən istifadə edildiyi bildirilir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatı UNIAN agentliyi yayıb.

Baş Qərargahın açıqlamasına görə, Rusiyanın “Su-34” qırıcı-bombardmançı təyyarələri məhz bu aerodromda yerləşdirilib. Həmin təyyarələr Ukrayna şəhərlərinə və müdafiə mövqelərinə idarəolunan aviasiya bombaları (KAB) atmaq üçün istifadə olunur.

Zərbənin nəticələri və aerodromun infrastrukturuna dəyən ziyanın miqyası dəqiqləşdirilir.

Ukrayna tərəfi həmçinin Başqırdıstanda yerləşən “Subxankulovo” xətti istehsalat-dispetçer stansiyasına da hücum edildiyini açıqlayıb. Bu obyekt “Transneft” şirkətinin neft nəqli sisteminin mühüm qovşaqlarından biridir. Baş Qərargahın məlumatına görə, stansiyanın ərazisindəki neft çənlərindən biri vurulub və yanğın başlayıb.

Qeyd edək ki, bu, Ukrayna qüvvələrinin Rusiya aerodromlarına son günlərdə həyata keçirdiyi ikinci hücumdur. Noyabrın 25-nə keçən gecə Nijni Novqorod vilayətindəki “Savasleyka” aerodromunun da hədəfə alındığı bildirilmişdi. Ukrayna tərəfinin ilkin məlumatına görə, həmin hücum zamanı üç MiQ-31 və iki Su-34 təyyarəsi vurulub.

Bundan əvvəl, noyabrın 13-də isə “Lipetsk-2” aerodromuna hücum edilmiş, nəticədə Su-34 təyyarəsinin, komanda-dispetçer məntəqəsinin və aviasiya texnikasının təmiri üçün nəzərdə tutulan anqarın zədələndiyi bildirilmişdi.

Rəsmi Kiyev bu əməliyyatları Rusiyanın hərbi və iqtisadi potensialının zəiflədilməsinə yönəlmiş tədbirlər kimi qiymətləndirir.