"Ruslar gedərkən hər şeyi, bütün infrastrukturu, necə deyərlər, bilərəkdən darmadağın etmişdilər. Demək olar ki, heç nə işlək vəziyyətdə deyildi. Hər şeyi böyük çətinliklə yoluna qoymağa çalışırdıq..."
...1991-1992-ci illər... Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Ölkənin qarşısında bir-birindən mürəkkəb və taleyüklü vəzifələr dayanırdı. Dövlət sərhədlərinin müəyyənləşdirilməsi və mühafizəsinin təşkili də həmin mühüm məsələlərdən biri idi. Sərhədləri qoruyacaq milli hərbi strukturun yaradılması isə faktiki olaraq sıfırdan başlanırdı...
Azərbaycan Dövlət Sərhəd Xidmətinin keçmiş rəis müavini, istefada olan polkovnik Sucəddin Abdullayev həmin mürəkkəb və tarixi prosesin ilk günlərindən etibarən hadisələrin içində olub. O, müstəqilliyin bərpasından sonra sərhəd mühafizəsi sisteminin formalaşdırılmasını, sovet sərhəd strukturlarının Azərbaycandan çıxarılmasını, sərhəd zastavalarının, əmlakın və infrastrukturun qəbul edilməsini və s. olay və prosesləri birbaşa yaşayan şəxslərdəndir.
Polkovnik Sucəddin Abdullayev Moderator.az-a həmin illərin ən mühüm və maraqlı məqamların barədə xatirələrini nəqlini davam edir:
(Əvvəli burada:)
"...1992-ci ilin avqustunda Lənkəran sərhəd dəstəsini keçmiş rus-sovet ordusundan təhvil götürdük. Həmin dəstənin məsuliyyət zonasına Lerik, Lənkəran və Astara rayonlarının İranla sərhədi daxil idi. Ərazinin böyük hissəsi uca dağlarda yerləşən zastavalardan ibarət idi. Odur ki, vəziyyət kifayət qədər ağır idi. Xüsusilə Lerik istiqamətində ciddi çətinliklərlə üzləşirdik. Çünki ruslar gedərkən hər şeyi, bütün infrastrukturu, necə deyərlər, bilərəkdən darmadağın etmişdilər. Demək olar ki, heç nə işlək vəziyyətdə deyildi. Hər şeyi böyük çətinliklə yoluna qoymağa çalışırdıq...
Xidməti heyvanlarla bağlı da xeyli əziyyət çəkirdik. Atların, itlərin, ümumiyyətlə, yaxşı xidməti heyvanların əksəriyyətini ruslar özləri ilə aparmışdılar. Halbuki dağ zastavalarında əsas köməkçilərimizdən biri məhz xidməti heyvanlar olmalı idi. Üstəlik, başqa texniki imkanlarımız da yox idi. Hətta vertolyotlarımız belə mövcud deyildi...
Belə bir şəraitdə təcili tədbirlər görmək lazım gəlirdi. İlk növbədə, dağların ucqar zastavalarında xidmət aparan əsgərlərin donmasının, soyuqdan və aclıqdan tələf olmasının qarşısını almalıydıq. Həmin dövr ölkəmiz üçün son dərəcə ağır illər idi. Azərbaycan müstəqilliyini cəmi 10 ay əvvəl bərpa etmişdi və ciddi iqtisadi problemlərlə üzləşmişdi. Ərzaq çatışmırdı, geyim çatışmırdı. Əsgərləri təmin etmək, geyindirmək üçün böyük çətinliklər çəkirdik...
Yaxşı ki, Lənkəran sərhəd dəstəsindəki problemlərin həllində sovet dövründən həmin dəstənin rəisi olan polkovnik Rasim Canməmmədov bizə çox kömək etdi. O, SSRİ-nin əməkdar çekisti idi, böyük nüfuz və hörmət sahibi sayılırdı. Ruslar da onunla hesablaşırdılar. Onlarla yaxşı ünsiyyət qurmağı bacarırdı. Bu baxımdan onun köməyi bizim üçün çox əhəmiyyətli idi.
Amma təəssüf ki, ruslar artıq çox çirkin işlər görmüşdülər. Onlar Azərbaycan sərhədlərini tərk etmək, bizim müstəqil şəkildə öz sərhədlərimizi qurmağımıza şərait yaratmaq istəmirdilər. Buna baxmayaraq, sonda məcbur olub getməli oldular. Bu da ötən söhbətimizdə qeyd etdiyim kimi, ilk növbədə, o vaxtkı prezident Əbülfəz Elçibəyin böyük xidmətinin nəticəsi idi. O, Rusiya prezidenti Boris Yeltsinlə rus qoşunlarının ərazimizdən çıxarılması məsələsini müzakirə etmişdi. Azərbaycan artıq öz sərhədlərini özü qorumalı idi..."
"Bəs İran tərəfi müstəqil Azərbaycan Respublikasının sərhədlərinin qurulmasına necə münasibət göstərirdi? Onların sərhədçiləri sizinlə əlaqə saxlayırdımı?" sualına sərhədçi polkovnik belə cavab verir:
"Açığını deyim, sərhədlərimizi qurarkən İran tərəfi – həmin dövlətin sərhəddəki qoşunları bizə heç bir maneə yaratmırdı. Amma başqa məsələlərdə bizə mane olurdular. Bu barədə Horadiz sərhəd dəstəsi ilə bağlı gördüyümüz işlərdən danışarkən bəhs edəcəyəm.
O vaxt İran hələ sərhəd-keşik xidmətini güclü şəkildə təşkil etmirdi. Onlar arxayın idilər ki, sərhədi sovet sərhədçiləri qoruyurlar. İran tərəfdə hətta tikanlı məftillər də çəkilməmişdi. Sonrakı illərdə isə artıq onlar da zastavaların sayını artırdılar, sərhədi bir qədər möhkəmləndirdilər..."
"...Lənkəran sərhəd dəstəsini təhvil götürdükdən sonra, 1992-ci ilin sentyabr-oktyabr aylarında Horadiz istiqamətinə yollandıq. Oradakı qoşunlar sovet dövründən Hadrut sərhəd dəstəsinə tabe idi. Halbuki yalnız ermənilərin yaşadığı Hadrut qəsəbəsi İranla sərhəddən xeyli aralıda yerləşirdi. Görünür, Moskva bunu qəsdən belə etmişdi ki, bizi ermənilərdən asılı vəziyyətə salsın və gələcəkdə bu durumdan öz maraqları üçün istifadə etsin... Elə də oldu...
Hadrut sərhəd dəstəsinin komandiri Habibulin soyadlı bir polkovnik idi. Bildiyiniz kimi, artıq 1991-ci ildən erməni terrorçu dəstələri Hadrut qəsəbəsini və ətrafdakı bir çox kəndləri nəzarətə götürmüşdülər. Habibulin də yaranmış vəziyyətdən istifadə edərək Hadrutu bizə təhvil verməyin qeyri-mümkün olduğunu bildirirdi.
Nəticədə bizə yalnız Horadiz dəmiryol stansiyasının yaxınlığındakı kiçik hərbi kazarmaları təhvil verdilər. Bundan sonra İmişlinin kəndlərindən başlayaraq Zəngilanın Ağbənd kəndinədək olan ərazidəki zastavaları qəbul etdik.
Horadizdə zastavaları təhvil alarkən maraqlı bir hadisə ilə də qarşılaşdıq. Orada Rusiyadan yenicə gətirilmiş və hələ bağlaması açılmamış, iri həcmli, naməlum bir hərbi avadanlıq vardı. Habibulin və digər sovet zabitləri həmin qurğunu özləri ilə aparmağa cəhd edirdilər. Lakin Azərbaycan tərəfdən sərhəd komissiyasının sədri Arif Əlyarov bizə ciddi tapşırıq vermişdi. Bildirmişdi ki, elə şərait yaratmalıyıq ki, həmin avadanlığı apara bilməsinlər. Çünki bizim ona ehtiyacımız olacaqdı..."
– Həmin hərbi avadanlıq nədən ibarət idi?
(Davamı var)