Ukraynanın NATO-ya üzvlük perspektivi Rusiya ilə müharibənin başa çatmasından sonra ölkənin təhlükəsizliyinin necə təmin olunacağı ilə bağlı müzakirələrin əsas mövzularından biri olaraq qalır. Kiyev hesab edir ki, alyansa tamhüquqlu üzvlük NATO-nun 5-ci maddəsinə bənzər ayrıca təhlükəsizlik təminatları ilə müqayisədə daha etibarlı müdafiə mexanizmi ola bilər. Prezident Volodimir Zelenskinin son açıqlaması da bu məsələni yenidən beynəlxalq gündəmə gətirib.
Zelenskinin Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyünün ayrıca təhlükəsizlik təminatlarından daha effektiv müdafiə mexanizmi olacağı barədə bəyanatını necə qiymətləndirmək olar? Mövcud geosiyasi şəraitdə NATO ölkələrinin Ukraynanın alyansa üzvlüyünə razılıq verməsi nə dərəcədə realdır?
Ukraynalı politoloq Maksim Yali Redaktor.az-a açıqlamasında bildirdi ki, Prezident Zelenskinin bəyanatı tamamilə məntiqlidir:
"Çünki hazırda rəsmi şəxslərin, xüsusilə də ABŞ rəsmilərinin Ukraynaya təqdim etməyə hazır olduqları təhlükəsizlik zəmanətləri ilə bağlı açıqlamalarının konkret məzmunu yoxdur. Yalnız ümumi ifadələr səsləndirilir və bu zəmanətlərin NATO-nun 5-ci maddəsinə ekvivalent olacağı bildirilir. Lakin Prezident Zelenskinin də daha əvvəl verdiyi suallarda qeyd etdiyi kimi, bunun konkret olaraq nəyi nəzərdə tutduğunu anlamaq lazımdır".
Politoloqun sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik təminatları yalnız bəyanatlardan ibarət olmamalı, real hərbi və siyasi mexanizmlərlə dəstəklənməlidir:
"Biz NATO ölkələrinin, o cümlədən ABŞ-nin hərbi kontingentlərinin Ukrayna ərazisində yerləşdirilməsində israr edirik. Bu, mümkün yeni təcavüzün qarşısını almaq üçün həqiqətən ciddi çəkindirici amil ola bilər. Həmçinin silah tədarükü və, təbii ki, Rusiyanın yeni hərbi təcavüzü baş verəcəyi təqdirdə müttəfiqlərimizin – daha doğrusu, tərəfdaşlarımızın – bizə ciddi dəstək göstərəcəklərinə dair yazılı zəmanətin verilməsi vacibdir".
Maksim Yali qeyd etdi ki, bu təminatların əsas məqsədi Rusiyanı Ukraynaya qarşı yeni hərbi əməliyyatlardan çəkindirməkdir:
"Bu, yalnız o halda mümkün ola bilər ki, Rusiya başa düşsün: NATO ilə olduğu kimi, Ukraynaya müharibə elan etmək digər NATO üzvü ölkələrə də müharibə elan etmək demək olacaq. Hazırda NATO ən effektiv hərbi-siyasi blokdur. Məhz buna görə də Ukrayna Prezidenti bu bloka tamhüquqlu üzvlüyü tələb edir".
Politoloq, həmçinin mövcud geosiyasi şəraitdə Ukraynanın NATO-ya üzvlüyünün yaxın perspektivdə reallaşmasını real hesab etmədiyini bildirdi:
"NATO ölkələrinin mövcud geosiyasi şəraitdə buna razılıq verməsi məsələsinə gəlincə, ən azı hazırda, qısamüddətli və ortamüddətli perspektivdə Ukraynanın NATO-ya üzvlüyü üçün real imkanlar görmürəm. Çünki bütün üzv ölkələrin təhlükəsizliyinin əsas təminatçısı olan ABŞ-nin rəhbərliyi, xüsusilə də Prezident Donald Tramp Ukraynanın NATO-ya üzvlüyünə qəti şəkildə qarşı çıxır".
Müsahibimiz xatırlatdı ki, ABŞ-nin əvvəlki rəhbərliyinin – Co Bayden administrasiyasının da Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyi birmənalı olmayıb.
"Bayden də Prezident Zelenskinin israr etdiyi Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı heç vaxt dəqiq siqnallar verməyib. Bundan əlavə, bu hərbi-siyasi blokda qərarların, xüsusilə də yeni üzvlərin qəbulu ilə bağlı qərarların qəbul edilməsi mexanizmini nəzərə almaq lazımdır. Belə ki, bütün üzv ölkələr Ukraynanın NATO-ya qoşulmasına razılıq verməlidir. Hazırda isə ABŞ ilə yanaşı, Slovakiya və Macarıstan kimi Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan bir sıra digər ölkələr də var. Əminəm ki, bu siyahı tam deyil. Ən azı, həmin ölkələrin rəhbərləri öz mövqelərini açıq şəkildə ifadə edirlər. Bütün bunlar Ukraynanın NATO-ya üzvlüyü perspektivini, xüsusilə də müharibə davam etdiyi müddətdə, demək olar ki, mümkünsüz edir. Çünki NATO-nun nizamnaməsində açıq şəkildə qeyd olunur ki, ərazisində hərbi münaqişə davam edən dövlət bu bloka üzv qəbul edilə bilməz", - deyə Maksim Yali yekunlaşdırdı.