Azərbaycanın tütün ixracı idxaldan daha sürətlə artır

Azərbaycan 2026-cı ilin yanvar–oktyabr aylarında 68,5 milyon dollarlıq tütün və tütünün sənaye əvəzedicilərini ixrac edib. Ötən ilin eyni dövründə bu göstərici 50,5 milyon dollar olub. Beləliklə, ixracın dəyəri bir ildə 18 milyon dollar və ya 35,5% artıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki,eyni məhsul qrupu üzrə idxal da 15,8% artaraq 106,6 milyon dollardan 123,5 milyon dollara çatıb. İxrac daha sürətlə artdığı üçün onun idxalın dəyərini qarşılama səviyyəsi 47,4%-dən 55,5%-ə yüksəlib. Ticarət kəsiri isə 56,1 milyon dollardan 55 milyon dollara enib.

Siqaret istehsalı 16 milyard ədədi keçib

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk on ayında Azərbaycanda 16,1 milyard ədəd siqaret istehsal olunub. Bu, ötən ilin eyni dövründən 14,3% çoxdur.

Komitənin yanvar–sentyabr üzrə məhsul bölgüsünə əsasən, ölkədən 42,5 milyon dollarlıq 2,58 milyard ədəd siqaret ixrac edilib. Siqaret ixracının həcmi 25,5%, dəyəri 32,4% artıb.

Həmin dövrdə ayrıca tütün üzrə ixracın həcmi 34,6% artaraq 4,31 min tona, dəyəri isə 69,3% artaraq 18,5 milyon dollara çatıb.