Sabiq hakimin əmək pensiyasının yenidən hesablanması ilə bağlı iddiası qismən təmin edilib.
Qaynarinfo-ya istinadla, Şirvan İnzibati Məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə pensiyanın bir sıra əlavə ödənişlər nəzərə alınmaqla yenidən hesablanması öhdəliyini qoyub.
İddiaçı Nüsrət Fətulla oğlu Mirzəyev 2007-ci ildən hakim vəzifəsində çalışıb. O, 2026-cı ildə son yaş həddinə çatması ilə əlaqədar hakimlik fəaliyyətinə xitam verildikdən sonra 18 il 9 ay 3 günlük hakimlik stajı nəzərə alınmaqla aylıq 4 696,65 manat pensiya alıb.
Sabiq hakim pensiyanın hesablanması zamanı hakim işlədiyi dövrdə qüvvədə olan daha əlverişli qanunvericiliyin tətbiq edilməli olduğunu bildirib. O, vəzifə maaşına əlavələrin, hakimlik stajına görə əlavə haqqın və səlahiyyətlərinin icrası ilə bağlı pul təminatının pensiyanın hesablanmasında nəzərə alınmasını istəyib.
Dövlət Sosial Müdafiə Fondu isə etirazında bildirib ki, iddiaçının pensiya hüququ 2026-cı ildə yaranıb və hesablamada 2018-2022-ci illəri əhatə edən ardıcıl 60 aylıq dövr əsas götürülüb. Həmin dövr üzrə orta aylıq əməkhaqqı 7 668 manat müəyyən edilib. Bu məbləğin 61,25 faizi, yəni 4 696,65 manat pensiya təyin olunub.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, iddiaçı 2007-2010-cu illərdə Salyan Rayon Məhkəməsində, 2010-2022-ci illərdə Şirvan Apellyasiya Məhkəməsində, 2022-2026-cı illərdə isə Biləsuvar Rayon Məhkəməsində hakim işləyib.
Məhkəmə hesab edib ki, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin mühüm təminatlarından biridir. Buna görə də pensiyanın hesablanması zamanı hakimlik fəaliyyəti dövründə qüvvədə olmuş sosial təminat normaları və əməkhaqqının tərkibinə daxil olan ödənişlər nəzərə alınmalıdır.
Qərara əsasən, sabiq hakimin pensiyası hesablanarkən hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlik stajının hər beş ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, həmçinin səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı nəzərə alınmalıdır.
Bundan başqa, məhkəmə pensiyanın hesablanması zamanı Şirvan Apellyasiya Məhkəməsində hakim işlədiyi son 60 ay üzrə, yəni 2018-2022-ci illərdəki orta aylıq əməkhaqqının 80 faizi həcmində əlavənin nəzərə alınmasını tələb edib.
Bununla belə, iddiaçının məzuniyyət zamanı ödənilən iki aylıq əməkhaqqı məbləğində müavinətin və müalicə üçün verilən iki aylıq əməkhaqqı məbləğində pul təminatının pensiyanın hesablanmasına daxil edilməsi tələbi təmin olunmayıb.
Beləliklə, məhkəmə iddianı qismən təmin edərək əmək pensiyasının göstərilən əlavələr nəzərə alınmaqla yenidən hesablanması öhdəliyini Dövlət Sosial Müdafiə Fondunun müvafiq filialının üzərinə qoyub.