Londonun iki min illik tarixini və mədəni müxtəlifliyini əks etdirən yeni “London Museum” şənbə günü qapılarını ziyarətçilərə açacaq.
2022-ci ildə bağlanan köhnə muzeyin yerini tutan və keçmiş "Smitfild" ət bazarının Viktoriya dövrü binalarında 437 milyon funt-sterlinq (573 milyon dollar) dəyərində bərpa işlərindən sonra yaradılan məkan dünyanın ən böyük şəhər muzeyi kimi təqdim edilib.
Muzeydə Roma dövrünün Londinium qalıqlarından müasir dövrədək geniş ekspozisiya yer alır.
Eksponatlar arasında Bukingem sarayının köhnə telefon stansiyası, Banksinin 2024-cü ildə piranya təsvirləri ilə bəzədiyi polis köşkü, “The Clash” qrupunun bas-gitaraçısı Pol Simononun "London Calling" albomunun üz qabığında sındırdığı gitara, I Çarlzın edam köynəyi, XVII əsrə aid “Cheapside” zinət əşyaları xəzinəsi və 2017-ci ildə kanalizasiyanı tıxayan məşhur Uaytçepel yağ kütləsinin parçası nümayiş etdirilir.
Muzeyin direktoru Şaron Ament Londonun tarix boyu müxtəlif icmaların qovuşduğu məkan olduğunu vurğulayıb.
Ziyarətçilər sərgi zalındakı 6 metrlik pəncərədən yaxınlıqdakı Farrinqdon stansiyasına daxil olan metro qatarlarını izləyə bilərlər.
Muzeyin maskotu göyərçin seçilib.
Qeyd edək ki, 2027-ci ildə muzeyin yeraltı zirzəmilərinin açılması, 2028-ci ildə isə ərazisinin daha da genişləndirilməsi planlaşdırılır.