Mustafa Sandalın qaynatasının borcuna görə ailəyə ölüm təhdidi - Binanı atəşə tutdular -VİDEO

Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sandalın valideynlərinin yaşadığı evlərə silahlı hücum olub. Hadisədən sonra ailəyə zəng edən şəxs Cihan Sütşurupun borcunu ödəməyəcəyi təqdirdə onları öldürməklə hədələyib.

Xarici mediaya istinadən, eyni binada yerləşən iki ayrı mənzil atəşə tutulub.

Polis ərazidəki müşahidə kameralarının görüntülərini araşdıraraq iki nəfərin hadisə yerinə piyada gəldiyini, atəş açdıqdan sonra taksi ilə uzaqlaşdığını müəyyən edib. Şübhəlilər həmin gün saxlanılıblar.

Araşdırma zamanı hücumun Melis Sandalın valideynlərinə ünvanlanan təhdidlə əlaqəli olduğu üzə çıxıb. Məlumata görə, özünü cinayətkar qrupla əlaqəli şəxs kimi təqdim edən biri ailəyə zəng edərək Cihan Sütşurupun borcunu ödəməsini tələb edib və əks halda onları öldürəcəyi ilə hədələyib.

Şübhəlilər ifadələrində hücumla bağlı tapşırığı “Instagram” üzərindən keçirilən görüntülü danışıq zamanı aldıqlarını bildiriblər. Onlardan birinin telefonunda evlərə atəş açılan anın videosu aşkarlanıb.

Polis şübhəlilərin göstərdiyi yerdə axtarış apararaq hadisədə istifadə olunduğu bildirilən qanunsuz tapança və yeddi patron götürüb. Hücumun təşkilatçısı olduğu iddia edilən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir.