Unibank və BANM arasında anlaşma memorandumu imzalanıb

“Unibank” KB ASC ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumu “Unibank”ın İdarə Heyətinin sədri Valentin Morozov və BANM-in rektoru Elmar Qasımov imzalayıblar. Sənəd bankla universitet arasında bir neçə istiqamətdə əməkdaşlığı nəzərdə tutur. Memorandum BANM tələbələrinin “Unibank”da istehsalat təcrübəsinə cəlb olunması, tələbə və məzunların iş imkanlarının qiymətləndirilməsi, birgə seminar, təlim, konfrans və digər tədbirlərin təşkili kimi əməkdaşlıq istiqamətlərini əhatə edir.

Memorandumu yüksək qiymətləndirən Unibank sədri Valentin Morozov, BANM ilə əməkdaşlığın perspektivlərindən danışıb. O bildirib ki, bank tələbələrin peşəkar mütəxəssis kimi yetişməsinə və müasir bankçılıq üçün lazım olan bacarıqlara yiyələnməsinə dəstək olacaq. Sədrin sözlərinə görə, bank sektorunun rəqəmsal transformasiyası mühəndislik, informasiya texnologiyaları və analitika sahəsində güclü mütəxəssislərə ehtiyacı artırır. Valentin Morozov vurğulayıb ki, ölkənin ən yaxşı bank məktəbləri sırasında olan “Unibank”ın peşəkar kadrların yetişdirilməsində uzun illərə dayanan təcrübəsi var. Memorandum BANM tələbələrinə biliklərini bu təcrübə əsasında real iş mühitində tətbiq etmək imkanı yaradacaq.

Rektor Elmar Qasımov BANM-in fəaliyyəti, son illərdə həyata keçirilən yeniliklər və universitetin hədəfləri barədə məlumat verib. O, real sektorla birbaşa əməkdaşlığın əmək bazarının tələblərini öyrənmək və təhsili bu tələblərə uyğunlaşdırmaq baxımından vacib olduğunu vurğulayıb. Rektor “Unibank”la əməkdaşlığın hər iki qurumun fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Görüşdə gələcəkdə həyata keçirilə biləcək birgə layihələr də müzakirə olunub.