“Azərbaycan diplomatik resurslarını xərcləməsin” - Deputatdan ATƏT açıqlaması

Azərbaycanın ATƏT-ə sədrlik etmək niyyəti təşkilat daxilində müzakirə olunan əsas məsələlərdən birinə çevrilib. 2027-ci il üçün sədrliyə namizədliyini irəli sürən Bakı bu vəzifəni üzərinə götürməyə hazır olduğunu bəyan edib. Bununla belə, Azərbaycanın sədr seçilib-seçilməyəcəyi ATƏT-in iştirakçı dövlətləri arasında konsensusun əldə olunmasından asılıdır. Dekabrın 3-4-də İsveçrənin Luqano şəhərində keçiriləcək ATƏT Nazirlər Şurasının iclasında namizədliklərlə bağlı razılaşmanın əldə olunması istiqamətində müzakirələrin davam etdirilməsi gözlənilir. Azərbaycanın ATƏT sədri seçiləcəyi təqdirdə, hansı yeniliklərə imza atacağı maraq doğurur.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxaql münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, ATƏT-ə sədrlik növbəsi nə vaxtsa Azərbaycan və Ermənistana çatmalıydı:

"Uzun müddətdir ki, ATƏT-də rotasiya əsasında sədrlik həyata keçirilir. Təşkilatın uzunmüddətli mövcudluğunu nəzərə aldıqda aydın məsələdir ki, sədrlik növbəsi nə vaxtsa Azərbaycanla Ermənistana da çatmalı idi. Lakin iki ölkə arasında uzunmüddətli münaqişə mövcud olduğundan həm Azərbaycanın Ermənistana, həm də Ermənistanın Azərbaycana belə bir imkan verməyəcəyini anlayırdıq. Təşkilatda veto hüququ mövcuddur və bir dövlət "yox" dediyi halda, çoxluq bu vetonu keçə bilmir. Münaqişə həll olunduğundan, Minsk qrupu buraxıldığından Azərbaycan və Ermənistan da ATƏT sədri ola bilər. Sadəcə olaraq ATƏT iflic vəziyyətdədir. ATƏT Rusiyanın Ukraynaya təcavüzünün qarşısını nəinki ala bilmədi, heç müzakirə təşkil etməyi bacarmadı. Çünki Rusiya bu məsələni gündəliyə buraxmadı. Məhz buna görə də, ATƏT demək olar ki, iflic vəziyyətdədir. Heç liderlər səviyyəsində sammitlər belə keçirilmir. Sadəcə olaraq, xarici işlər nazirləri səviyyəsində yığıncaqlar keçirilir, lakin heç burada nələri müzakirə etdikləri, hansı qərarları verdikləri bəlli deyil. Təşkilatın iflic vəziyyətdə olması Fransanın Avropa Siyasi Birliyi təşəbbüsünün daha uğurlu həyata keçirməsinə gətirib çıxardı".

R.Musabəyovun fikrincə, Azərbaycanın ATƏT-ə sədrliyi hazırkı şəraitdə ciddi nəticələr vəd etmir:

"Azərbaycan ATƏT-ə sədr olsa belə, bundan əvvəlki ölkələr kimi sədrlik edəcək və 1 ildən sonra heç bir nəticəsi olmayan təşkilatı kiməsə ötürəcək. İndi Azərbaycan Asiyada belə bir təşkilata sədrliyi üzərinə götürüb. Ölkəmiz Asiyada Qarşılıqlı Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) daha iki il sədrlik edəcək. Diqqətimizi ora cəmləşdirməyimiz kifayətdir. ATƏT-i isə kim istəyirsə, heç bir nəticə verməyən səyləri ilə diriltməyə çalışsın. Kimsə bunu bacaracaqsa, buyursun. Hər halda, mənim düşüncəmə görə, ATƏT-ə sədrliyə görə öz diplomatik resurslarımızı xərcləməyə dəyməz. Bəli, təklif olunub, sədrliyi üzərimizə götürə bilərik. Ancaq indi kimlərsə buna görə Azərbaycanı əlavə iddialarla, tələblərlə yükləməyə çalışırsa, özlərini nahaq əziyyət verirlər".