Azərbaycan Litva ilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək istəyir

Azərbaycan və Litva arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və investisiya imkanları müzakirə olunub.

İqtisadiyyat Nazirliyinə istinadən, müzakirələr nazirliyin yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin və Litva Sənayeçilər Konfederasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan-Litva Dəyirmi Masasında baş tutub.

Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, sənaye, energetika, logistika, nəqliyyat, İKT, maliyyə, turizm, ticarət və xidmət sektorlarında fəaliyyət göstərən 30-dan çox şirkətin nümayəndəsi iştirak edib.

Ölkədə səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrys deyib ki, Avropa İttifaqından kənar regional tərəfdaşlarla iqtisadi əlaqələrin gücləndirilməsi getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın iqtisadi və strateji əlaqələrini şaxələndirmək səylərində mühüm tərəfdaşdır. Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, enerji resursları və regional bağlantıların inkişafındakı rolu onu Avropanın qaz təchizatının şaxələndirilməsinə və enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verən tərəfdaş edir.

İqtisadiyyat nazirinin I müavini Elnur Əliyev isə Azərbaycan və Litva arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanların olduğunu bildirib. O, Litva şirkətlərini Azərbaycanın investisiya imkanlarından yararlanmağa, birbaşa biznes əlaqələrini gücləndirməyə və əməkdaşlığı konkret layihələrlə genişləndirməyə dəvət edib.

Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ölkəmizin investisiya imkanlarına, Litvanın Azərbaycandakı Səfirliyi tərəfindən isə ölkəsinin investisiya potensialına dair təqdimatlar keçirilib.

Dəyirmi masa çərçivəsində Azərbaycan və Litva şirkətləri fəaliyyətləri barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar. Tədbir B2B və B2G görüşlərlə başa çatıb.