Onu ingilis polisi hesab etdilər, türk olduğu üzə çıxdı

UEFA Çempionlar Liqasının V turunda Londonda keçirilən “Fənərbağça” – Donetsk “Şaxtyor”u matçından əvvəl maraqlı görüntülər ortaya çıxıb. İngiltərəyə axın edən təxminən 20 min “Fənərbağça” azarkeşi “Stemford Bric” stadionunda komandalarına Kadıköy ab-havası yaşadıb.

Polis türkcə xəbərdarlıq edəndə azarkeşlər təəccüblənib.

Belə ki, Londonda xidmət edən türk polis əməkdaşı matçdan əvvəl sarı-göy rəngli geyimdə olan azarkeşlərə müraciət edib:

“Dostlar, əylənməyinizə heyranam, amma xahiş edirəm, məşəllər yandırmayın”.

Polisin xəbərdarlığından sonra bəzi azarkeşlər fit çalıb. Bu zaman başqa bir “Fənərbağça” azarkeşinin dediyi sözlər diqqət çəkib:

“Bu, türkdür axı! Niyə fit çalırsınız?”.

Türk polis bir daha “Xahiş edirəm, məşəl yandırmayın!” deyə xəbərdarlıq etdikdən sonra “Fənərbağça” azarkeşlərindən biri onu şüar səsləndirməyə dəvət edib:

“Onda mən bir söz deyəcəyəm, sən də “Sarı” deməlisən”.

Azarkeşlərlə polis əməkdaşı arasında baş verən bu əyləncəli dialoq izləyənlərin üzündə təbəssüm yaradıb.