Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan geyim, ayaqqabı, məktəb ləvazimatları və digər məhsulların təhlükəsizliyinə dair yeni qaydalar hazırlanır.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Elməddin Quluyev media təlimində məlumat verib.
Onun sözlərinə görə, "Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında Texniki Reqlament" layihəsi aidiyyəti qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim edilmə mərhələsindədir.
Layihə uşaqlar üçün nəzərdə tutulan sanitariya-gigiyena və qalantereya məmulatlarını, tekstil materiallarından və dəridən hazırlanan geyimləri, xəz və trikotaj məhsullarını əhatə edir.
Bundan başqa, idman, milli və ortopedik ayaqqabılar istisna olmaqla, uşaqlar üçün nəzərdə tutulan ayaqqabılar, uşaq arabaları və onların hissələri, eləcə də uşaq ədəbiyyatı, kitablar, jurnallar və məktəb-yazı ləvazimatları da yeni tələblərin əhatəsinə daxildir.
Elməddin Quliyev bildirib ki, layihədə qeyd olunan məhsulların kimyəvi və bioloji təhlükəsizliyinə dair tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, məhsulların müəyyən edilmiş tələblərə uyğunluğu uyğunluq bəyannaməsi və ya sertifikatlaşdırma yolu ilə qiymətləndiriləcək.
Qeyd edək ki, texniki reqlament layihəsi hələ təsdiqlənməyib. Sənəd Nazirlər Kabinetinə təqdim edilmə mərhələsindədir və onun qüvvəyə minmə tarixi hələ müəyyənləşdirilməyib.