Paşinyan Rusiya sərhədçilərinin çıxarılmasından DANIŞDI

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin ölkədən çıxarılması məsələsinə münasibət bildirərək, respublikanın tədricən öz sərhədlərinin təhlükəsizliyi üçün tam məsuliyyəti üzərinə götürməli olduğunu bəyan edib.

O, hökumətin iclasından sonra keçirilən brifinqdə Rusiya hərbçilərinin hansı sahələrdə yerli sərhədçilərlə əvəzlənəcəyinə dair konkret planın olub-olmaması ilə bağlı sualı cavablandırıb:

"Bütün bu illər ərzində sərhədlərimizin keşiyində dayandıqları üçün Rusiya sərhədçilərinə minnətdarıq. Amma düşünürəm ki, qarşıdakı illərdə sərhədlərin qorunması üçün tam məsuliyyəti öz üzərimizə götürməliyik".

Xatırladaq ki, Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsi sistemi Sovet dövründən qalıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Ermənistandakı Sərhəd İdarəsinə Gümrü, Armavir, Artaşat və Meğridə yerləşən dörd sərhəd dəstəsi daxildir. N.Paşinyan aprelin 30-da ölkə sərhədlərini qoruyan Rusiya sərhədçilərinin mərhələli şəkildə Ermənistan sərhədçiləri ilə əvəz olunacağını açıqlamışdı.

Baş nazir daha əvvəl İrəvanın həm Rusiya hərbi mövcudluğunun saxlanılması, həm də qoşunların çıxarılması variantlarını müzakirə etməyə hazır olduğunu qeyd etmişdi. Rusiya Prezidenti Vladimir Putin isə sentyabrın 2-də verdiyi bəyanatda rəsmi İrəvanın istəyi olacağı təqdirdə Rusiya hərbçilərinin Ermənistandan çıxarılmasına hazır olduqlarını bildirmiş, N.Paşinyan buna cavab olaraq Moskvanın belə bir qərar verəcəyi halda etiraz etməyəcəklərini vurğulamışdı.