Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə hazırlanmaqda olan yeni Konstitusiya layihəsi ilə bağlı yalnız müxalifətlə deyil, ictimaiyyət və vətəndaş cəmiyyəti nümayəndələri ilə də dialoq aparılmasının vacib olduğunu bildirib.
Paşinyan bu barədə jurnalistlərə keçirdiyi brifinqdə danışıb. Baş nazirin sözlərinə görə, yeni Konstitusiya layihəsi Milli Məclisə təqdim olunmağa hazır olduqdan sonra onun ətrafında müzakirələr aparılacaq və səsvermə keçiriləcək. Bundan sonra əldə olunan nəticələrə uyğun olaraq növbəti addımlar müəyyənləşdiriləcək.
Paşinyan yeni Konstitusiyada məhkəmə sistemi ilə bağlı dəyişikliklərin fundamental əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, layihədə müstəqil və muxtar qurumlarda müxalifət üçün kvotaların ayrılması nəzərdə tutulur: “Yeni Konstitusiyanın mətnində görünməmiş bir təklif yer alıb.
Belə ki, bütün müstəqil və muxtar qurumlarda müxalifət üçün kvota nəzərdə tutulur. Bu, həmin vəzifələrin siyasiləşdirilməsi demək deyil. Eyni zamanda, məhkəmə sistemində və Mərkəzi Bankda inklüzivliyin təmin olunmasına dair müəyyən zəmanətlər yaradır”. Ermənistanın Baş naziri əlavə edib ki, müzakirələr hələ yeni başlayıb və istənilən məsələ müzakirə oluna bilər. Lakin bu, irəli sürülən bütün təkliflərin qəbul ediləcəyi anlamına gəlmir.