Özcan Denizin ifadəsi üzə çıxdı – Daha bir məşhur saxlanıldı

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı ilə bağlı yeni detallar məlum olub.

Türkiyə mediasına istinadən, Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın prokurorluqda verdikləri ifadələr üzə çıxıb.

Özcan Deniz səhhətindən danışdı

Məşhur sənətçi iki ilə yaxındır ürək xəstəliyindən əziyyət çəkdiyini və həkim təyinatı ilə dərman qəbul etdiyini bildirib:

“Təxminən 35 ildir peşəkar sənətçi kimi fəaliyyət göstərirəm. Qətiyyən narkotik vasitələrdən istifadə etmirəm. İstifadə edən insanlarla da eyni mühitdə olmamışam. Narkotik satan və ya bu işdə vasitəçilik edən şəxslərlə heç bir əlaqəm olmayıb. Saxlanılmağım məni çox üzdü. Qan və saç analizlərimin nəticələri ilə həqiqətin üzə çıxacağına əminəm. İttihamları qəbul etmirəm”.

Burcu Özberk telefonunu geri istədi

Aktrisa Burcu Özberk ifadəsində çəkilişlərinin sıx olması səbəbindən gecələr əyləncə məkanlarına getmədiyini və narkotik vasitələrdən istifadə etmədiyini bildirib.

O, telefonunun şifrəsini polis əməkdaşlarına verdiyini, cihazda işi ilə bağlı ssenarilərin və sənədlərin olduğunu deyərək telefonunun tezliklə qaytarılmasını istəyib.

Deniz Çakır ittihamları rədd etdi

Aktrisa Deniz Çakır yalnız həkim təyinatı ilə dərman qəbul etdiyini, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini və narkotik satan şəxsləri tanımadığını bildirib.

Dünyaca məşhur DJ saxlanıldı

İstintaq çərçivəsində məşhur DJ və musiqi prodüseri Burak Yeter də saxlanılıb.

Bununla da əməliyyat çərçivəsində saxlanılanların ümumi sayı 25-ə çatıb.

Daha əvvəl əlavə ifadələrinin alınması üçün polis idarəsinə qaytarılan 14 nəfərlə birlikdə hazırda 15 şübhəlinin istintaq prosedurları davam etdirilir. Digər 10 nəfərin isə axtarışı aparılır.