“Müstəqillik Bəyannaməsi Ermənistan dövlətçiliyinin altına qoyulmuş minadır...”-Hakim partiyanın deputatı

Ermənistanın hakim “Vətəndaş Sazişi” Partiyasının deputatı Taron Çaxoyan 1990-cı il Müstəqillik Bəyannaməsini ölkənin dövlətçiliyi üçün təhlükə adlandırıb.

"Armtimes" nəşrinin yaydığı məlumata görə, deputat bu barədə “Facebook” səhifəsində Ermənistanın yeni Konstitusiya layihəsi ətrafında müzakirələrə və layihədə Müstəqillik Bəyannaməsinə istinadın yer almamasına münasibət bildirərkən yazıb.

Çaxoyanın sözlərinə görə, Ermənistanla Qarabağın birləşməsini nəzərdə tutan müddəaları ehtiva edən Müstəqillik Bəyannaməsi ölkənin dövlətçiliyinin altına qoyulmuş “minadır”.

O, iddia edib ki, 1995-ci ildə Ermənistan Konstitusiyasına Müstəqillik Bəyannaməsinə istinadın daxil edilməsi ilə ölkə münaqişənin tərəfinə çevrilib və müharibəyə cəlb olunması üçün zəmin yaradılıb.

Deputat hesab edir ki, Bəyannamənin yeni Konstitusiyada saxlanılması da eyni təhlükəni yaradır:

“İndi də Müstəqillik Bəyannaməsini Ermənistanın əsas qanununda – Konstitusiyasında saxlamağa çalışırlar. Bu isə faktiki olaraq Azərbaycana qarşı ərazi iddiasıdır. Bununla Ermənistanı yenidən müharibəyə cəlb etmək, forposta çevirmək və suverenliyini qurban vermək istəyirlər”.

Çaxoyan Bəyannaməni Ermənistan dövlətçiliyinin altına yerləşdirilmiş, gecikmiş təsirə malik saatlı bomba ilə müqayisə edib.

O, Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometr ərazidə müstəqillik qazandığını vurğulayaraq, ölkəsinin qonşularına qarşı heç bir ərazi iddiasının olmadığını və ola bilməyəcəyini bildirib.

Qeyd edək ki, Taron Çaxoyanın bu açıqlaması Ermənistanın yeni Konstitusiya layihəsi ətrafında müzakirələrin davam etdiyi vaxta təsadüf edir.

S.Laçın