“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC üzrə uzunmüddətli emitentin defolt reytinqini (IDR) “BBB-” səviyyəsində təsdiqləyib.
Agentliyə istinadən, Reytinq üzrə proqnoz “Stabil” olaraq saxlanılıb.
Məlumata görə, “Fitch Ratings”in Dövlətlə Əlaqəli Müəssisələrin (GRE) Reytinq Meyarlarına əsasən, “Cənub Qaz Dəhlizi” QSC-nin reytinqi Azərbaycanın reytinqi ilə (“BBB-”/“Stabil”) eyniləşdirilib. Bu, şirkətin bütün borc öhdəliklərinin dövlət zəmanətləri ilə təmin olunması ilə əlaqədardır. Agentlik bu vəziyyətin reytinq dövrü ərzində də davam edəcəyini gözləyir.
Agentlikdən bildirilib ki, şirkətin müstəqil kredit profili (SCP) “bbb-” səviyyəsində qiymətləndirilib:
"Bu göstərici sabit pul axını yaratmaq qabiliyyəti, uzunmüddətli müqavilələrlə təmin olunmuş qaz nəqli biznesinin gəlirlərinin yüksək proqnozlaşdırıla bilməsi, fəaliyyət miqyası və çox güclü maliyyə profili ilə dəstəklənir.
Bununla yanaşı, yuxarı axın seqmentində qiymət dəyişkənliyi, “Şahdəniz” qaz-kondensat yatağında təbii hasilat azalması, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyədə qarşı tərəflərlə bağlı risklər və əməliyyat mühitinin məhdudiyyətləri bu amillərin təsirini zəiflədir".