Dünyaca məşhur “Led Zeppelin” rok qrupunun 1970-ci ildə işıq üzü görən “İmmigrant Song” mahnısı “Spotify” platformasında bir milyarddan çox dinlənilib.
Xarici mediaya istinadən, mahnının yaranma tarixçəsi musiqiçilərin İslandiyaya səfəri ilə bağlıdır.
Qrupun vokalisti Robert Plantın sözlərinə görə, musiqiçilər İslandiya hökumətinin dəvəti ilə mədəniyyət proqramı çərçivəsində Reykyavikə yollanıblar. Lakin konsertdən qısa müddət əvvəl ölkədə dövlət qulluqçularının tətilə başlaması tədbirin baş tutmasını təhlükə altına alıb.
Nəticədə yerli universitet musiqiçilərə konsert üçün məkan ayırıb. İslandiya səfərindən təsirlənən musiqiçilər geri qayıdarkən, təyyarədə mahnı yaratmaq ideyasına gəliblər.
“İmmigrant Song” qrupun “Led Zeppelin III” albomunun ilk mahnısı olub. Mahnının mətnində Skandinaviya mifologiyasına aid obrazlar, vikinqlər, buz və qar təsvirləri yer alıb.
Robert Plant mahnının 2003-cü ildə ekranlara çıxan “Rok məktəbi” komediya filmində istifadə olunması ilə bağlı maraqlı məqamları da açıqlayıb. Qrup nadir hallarda mahnılarının filmlərdə səsləndirilməsinə icazə versə də, aktyor Cek Blekin ifasını gördükdən sonra razılıq verib. Plant aktyorun mahnının enerjisini uğurla çatdırdığını bildirib. Hətta nəvələrinin də həmin ifadan gitara partiyalarını öyrəndiklərini etiraf edib.
Aradan yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, “İmmigrant Song” mahnısının populyarlığı artmaqda davam edir. Mahnının “Spotify” platformasında dinlənmə sayı artıq 1 milyard 45 milyonu ötüb.