NATO Polşanın Ukrayna ilə bağlı təklifini dəstəkləməyib

NATO Ukrayna ərazisi üzərindən alyansın sərhədlərinə doğru uçan raketlərin vurulması təklifini dəstəkləməyib.

Bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik RMF24 radiostansiyasına açıqlamasında bildirib.

“NATO belə bir qərarı heç bir şəkildə dəstəkləmir. Bu, bir çox çətinliklər yaradır”, – nazir müavini qeyd edib.

Onun sözlərinə görə, sözügedən təşəbbüs bir neçə ay əvvəl də müzakirə olunub və tərəflər belə bir prosedurun həyata keçirilməsinin mümkün olmadığı qənaətinə gəliblər.

Xatırladaq ki, daha əvvəl “Bloomberg” agentliyi mənbələrinə istinadən Polşanın NATO müttəfiqlərindən Ukraynanın hava məkanı üzərindən alyansın sərhədlərinə doğru uçan raketlərin vurulması imkanlarını nəzərdən keçirməyi xahiş etdiyini bildirmişdi.

Varşava bu təşəbbüslə noyabrın 23-də Brüsseldə NATO yanında daimi nümayəndələrin görüşündə çıxış edib. Bəzi ölkələr Polşanın təklifini dəstəkləsələr də, müzakirələr ilkin xarakter daşıyıb və heç bir qərar qəbul edilməyib.