İraqda federal hökumətlə İraq Kürdüstanı Muxtar Bölgəsinin rəhbərliyi arasında yaranmış böhranın siyasi yollarla həlli məqsədilə dekabrın 1-də milli dialoq keçiriləcək.
Bu barədə İraq Prezidenti Nizar Amidinin Aparatı məlumat yayıb.
Bildirilib ki, ölkənin ali dövlət rəsmilərinin görüşündə Ali Məhkəmə Şurasının sədri Faiq Zeydanın Bağdad və Ərbil arasındakı böhranın nizamlanmasına yönəlmiş milli dialoq təşəbbüsü dəstəklənib.
Görüşdə İraq Prezidenti ilə yanaşı, Baş nazir Əli əz-Zeydi, parlamentin sədri Heybət əl-Həlbusi və Ali Məhkəmə Şurasının sədri iştirak ediblər.
Faiq Zeydanın sədrliyi ilə keçiriləcək milli dialoqda ölkənin dörd ali hakimiyyət orqanının nümayəndələri, maraqlı tərəflər və böhranın İraq Konstitusiyasına uyğun həllinə töhfə verə biləcək digər strukturlar təmsil olunacaqlar.
Qeyd edək ki, noyabrın 24-də İraqın Baş naziri Kürdüstan Muxtar Bölgəsinin rəhbərliyinə neft və neft məhsullarının ixracına yalnız federal Neft Nazirliyi vasitəsilə icazə verilməsi, eləcə də muxtar bölgədəki bütün sərhəd-keçid məntəqələrinin mərkəzi hakimiyyətin nəzarətinə təhvil verilməsi barədə göstəriş verib.
Ərbil bu göstərişləri birtərəfli, Konstitusiyaya zidd və qəbuledilməz hesab edib.
İraq Kürdüstanının Baş naziri Məsrur Bərzani federal hökumət rəhbərinin göstərişlərinin tərəflər arasında əvvəllər Bağdadda aparılmış danışıqlara uyğun olmadığını bildirib.