Rusiyada neft emalı göstəriciləri son 20 ildən çox dövr ərzində ən aşağı səviyyəyə düşüb.
Bloomberg agentliyi Rystad Energy şirkətinin araşdırmasına istinadən xəbər verir ki, noyabrın 23-də ölkədə gündəlik neft emalının həcmi 2,6-2,7 milyon barel təşkil edib. Bu, oktyabrın 30-da qeydə alınan göstəricidən təxminən iki dəfə azdır. Beləliklə, emal həcmi Ukraynanın ilin əvvəlində həyata keçirdiyi əvvəlki hücumlar zamanı qeydə alınmış çoxillik minimumdan da aşağı düşüb.
Agentliyin hesablamalarına görə, Ukrayna oktyabrın sonundan etibarən Rusiya ərazisində yerləşən ən azı 18 neft emalı zavodunu hədəfə alıb. Bununla yanaşı, hücuma məruz qalan müəssisələrin ümumi istehsal gücünün hamısı sıradan çıxmayıb. Belə ki, bəzi zavodlar əvvəlki hücumlardan sonra da məhdud güclə fəaliyyətlərini davam etdirib.
Neft emalının azalması ölkənin yanacaq bazarına da təsir göstərməyə başlayıb. Nəşrin məlumatına əsasən, noyabrın 17-dən 23-dək Rusiyada benzinin orta pərakəndə satış qiyməti 0,5 faiz yüksəlib. Bu, sentyabrın əvvəlindən bəri qeydə alınan ən yüksək həftəlik artımdır.
Rusiya hökuməti artıq aviasiya yanacağı və benzinin ixracına məhdudiyyətlər tətbiq edib. Eyni zamanda, digər ölkələrdən yanacaq idxalını əhəmiyyətli dərəcədə artırmağa başlayıb. Bundan başqa, mövcud yanacaq ehtiyatlarının daha çox ehtiyac duyulan regionlara çatdırılması istiqamətində tədbirlər görülüb.
Neft emalı zavodlarına edilən hücumlar Moskvanı emal edə bilmədiyi xam neftin daha böyük hissəsini ixraca yönəltməyə vadar edib. Bu da xarici bazarlara neft tədarükünün artmasına və təklifin çoxalmasına səbəb olub.