“Bir az bəxtimiz gətirsəydi, iki qol vura bilərdik” - Coy Lens Mikels

Coy Lens Mikels “Barselona” ilə oyundan sonra jurnalistlərə açıqlama verib.

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən “Sabah” – “Barselona” qarşılaşması İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Sabah”ın yeganə qolunun müəllifi Coy Lens Mikels olub.

O, matçın çətin keçdiyini, “Barselona”nı Bakıda qəbul etməyin böyük şərəf olduğunu bildirib.

"İlk hissədə yaxşı çıxış etdik və qol imkanlarımız yarandı. Topumuz dirəkdən döndü, hətta iki-üç qol vurmaq şansımız da var idi. Amma “Barselona” kimi güclü rəqibə qarşı fürsətləri dəyərləndirmədikdə, onlar bunu öz xeyirlərinə çevirirlər.

Əsas fərq də məhz budur. “Barselona”ya qarşı qol vurduğum üçün sevincliyəm. Bununla yanaşı, ikinci qol şansım da oldu və həmin imkanı da qola çevirməli idim”, - deyə o qeyd edib.