Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus restoranların gələcək taleyi ilə bağlı mübahisələr davam edir. Yerli hakimiyyət orqanları sahibkara məxsus "Yardı Superbar" restoranının sökülməsini tələb edir, digər restoranı "Fort"la bağlı isə məhkəmə araşdırması aparılır.
"Bloknot Voronej" nəşrinin məlumatına görə, Petrovskaya sahilinin yaxınlığında yerləşən "Yardı Superbar" restoranı Voronej Vilayət Arbitraj Məhkəməsi tərəfindən qanunsuz tikili kimi tanınıb və sökülməsi barədə qərar qəbul edilib. Sahibkarın şikayəti yuxarı məhkəmə instansiyasında təmin edilməyib.
Məlumata görə, Yusif Xəlilov yaranmış mübahisənin qarşılıqlı razılaşma yolu ilə həllinə çalışıb. O, Voronej meriyasına müraciət edərək tikilidəki hüquqi çatışmazlıqların aradan qaldırılması üçün ona imkan verilməsini təklif edib. Bunun müqabilində iş adamı şəhərin beş həyətinin təmirini həyata keçirməyə və ya şəhər büdcəsinə azı 15 milyon rubl köçürməyə hazır olduğunu bildirib.
Xəlilov, həmçinin restoranında Ukrayna ilə həmsərhəd Belqorod vilayətindən olan məcburi köçkünlərin çalışdığını və müxtəlif humanitar təşəbbüslərə dəstək verdiyini qeyd edib.
Bununla belə, meriya sahibkarın təklifini qəbul etməyib.
Nəşrin son məlumatına görə, "Yardı Superbar" restoranı elektrik enerjisindən ayrılıb, qaz təchizatının da dayandırılması istiqamətində tədbirlər görülür. Voronej meriyası məhkəmə qərarının gecikdirilməsinə görə Xəlilovdan hər gün üçün 30 min rubl dəbbə pulu tələb edir. Bu məbləğin artıq 6 milyon rubla çatdığı bildirilir.
Bundan əlavə, restoranın yerləşdiyi iki torpaq sahəsinin müsadirə edilərək açıq hərracda satılması ilə bağlı iddianın dekabrın ortalarında nəzərdən keçirilməsi gözlənilir.
İş adamına məxsus digər "Fort" restoranı ilə bağlı da hüquqi proses davam edir. Prokurorluq həmin tikilinin qanunsuz tikili kimi tanınmasını tələb edir. Avqust ayında Voronej məhkəməsi bu işə yenidən baxmağa başlayıb.
Xatırladaq ki, Fərhad Xəlilov 1970-ci ildə Azərbaycanda anadna olub. Rusiyanın Voronej vilayətində iş adamı kimi fəaliyyət göstərən Fərhad Xəlilov O, 2025-ci ilin avqust ayında polis tərəfindən saxlanılmışdı. Ona xüsusilə külli miqdarda rüşvət vermə maddəsi ilə ittiham irəli sürülmüşdü. Yusif Xlilov 2 ay müddətinə həbs edilmiş, oktyabr ayında isə həbsdən azad olunmuşdu.