Aİ: Növbəti Ukrayna sülh danışıqlarında güclü bir Avropa heyəti iştirak edəcək

Ursula fon der Leyen: "Rusiyanın sadəcə oktyabr ayında 50 mindən çox itkisi olub"

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen deyib: "Son həftələrdə (Rusiya-Ukrayna) sülh danışıqlarında yenidən bir dinamika qazanıldığını gördük. Güclü bir Avropa heyəti görüşlərin növbəti raunduna qatılacaq. Bu mühümdür, çünki Ukraynanın təhlükəsizliyi birbaşa bizim təhlükəsizliyimizə təsir edir”.

Fon der Leyen Strasburqda Avropa Parlamentinin (AP) Baş Assambleyasında keçirilən "Avropanın beynəlxalq nizamın qorunmasındakı rolu və potensialı ilə Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi" adlı iclasda çıxış edib.

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsinin Birinci Dünya Müharibəsindən belə daha uzun sürdüyünə diqqət çəkən fon der Leyen deyib: "Rusiya tanklarının Ukrayna sərhədini ilk keçdiyi dövrdə doğulan uşaqlar artıq məktəb yaşına çatır. Bu uşaqların indiyə qədər bildiyi yeganə reallıq müharibə olub. Buna görə də bu uşaqlar üçün müharibə başa çatmalıdır”.

"Rusiyanın sadəcə oktyabr ayında 50 mindən çox itkisi olub"

Fon der Leyen Rusiyanın da müharibə səbəbindən getdikcə daha ağır bədəl ödədiyini bildirərək bunları deyib: "Cəbhədə Rusiyanın hücumu dayanma nöqtəsinə çatıb. Sentyabr və oktyabr aylarında Rusiya qazandığından daha çox ərazi itirib. Üstəlik bu, çox ağır insan itkisi bahasına baş verib. Yalnız oktyabr ayında 50 mindən çox itki verib. Buna baxmayaraq, Rusiya Ukrayna şəhərlərinə qarşı hücumlarını intensivləşdirib”.

Rusiyanın sentyabr ayından bəri Ukraynada infrastrukturu mindən çox dəfə hədəf aldığını çatdıran fon der Leyen, Rusiyanın Ukraynanın müqavimətini döyüş meydanında qıra bilmədikdə bu dəfə Ukrayna xalqının mənəviyyatını və müqavimətini qırmağa çalışdığını deyib.

"Ukraynaya 230 milyard avrodan çox dəstək göstərmişik"

Aİ Komissiyasının sədri onu da deyib ki, sülhü Ukrayna xalqından daha çox istəyən heç kim yoxdur. Avropa da bu hədəfə çatmaları üçün əlindən gələn hər şeyi edəcək.

Fon der Leyen Aİ-nin yanaşmasının Ukraynaya maksimum dəstək göstərmək, Rusiya üzərindəki təzyiqi ən yüksək həddə çatdırmaq və davamlı sülhə yönəlmiş danışıqlarda Avropanın tam iştirakını təmin etmək olduğunu ifadə edib.

Avropanın Ukraynanın açıq-aşkar ən böyük dəstəkçisi mövqeyində olduğuna işarə edən fon der Leyen deyib: "Müharibənin başlanğıcından bəri 230 milyard avrodan çox dəstək göstərmişik".

Ukraynanın 2026-cı ilə dair maliyyələşdirmə ehtiyaclarının ödənildiyini vurğulayan fon der Leyen, lakin Ukraynanın gələn il 70 milyard avroluq maliyyə kəsiri ilə üzləşəcəyini də qeyd edib.

Fon der Leyen bu səbəbdən ötən həftə Aİ Komissiyasının yeni bir təklif irəli sürdüyünü xatırladaraq, bu çərçivədə 2027-ci ildə 45 milyard avro maliyyə vəsaiti ayırmağı hədəflədiklərini diqqətə çatdırıb.

"Güclü bir Avropa heyəti görüşlərin növbəti raunduna qatılacaq"

Ukraynanın bu məbləği yalnız Rusiya müharibənin vurduğu zərərləri ödədiktən sonra geri verə biləcəyini vurğulayan fon der Leyen: "Beləliklə, Ukrayna sülh danışıqlarına mümkün olan ən güclü mövqedə qatıla biləcək", deyib.

Fon der Leyen sanksiyaların Rusiyanın Ukraynadakı müharibəsinin xərcini artırmaq üçün əsas vasitə olaraq qaldığını bildirərək, bunların işə yaradığını müdafiə edib.

Sanksiyaların Rusiyanın müharibə potensialının təməllərini sarsıtdığı qənaətində olan fon der Leyen onu da deyib ki, Rusiya iqtisadiyyatının getdikcə pisləşən mənzərə sərgilədiyinə işarə edən çox sayda göstərici mövcuddur. Odur ki, hədəfimiz aydındır: Rusiyanın müharibəni davam etdirməsinin bədəlini artırır və sülhü seçməsi istiqamətindəki əsasları gücləndiririk.

Son həftələrdə sülh danışıqlarında yenidən bir dinamika qazanıldığını gördük. Güclü bir Avropa heyəti görüşlərin növbəti raunduna qatılacaq. Bu mühümdür, çünki Ukraynanın təhlükəsizliyi birbaşa bizim təhlükəsizliyimizə təsir edir.

İrəliləyişi yalnız Rusiyanın sözlərinə görə deyil, əməllərinə görə qiymətləndirəcəyik. Sülhün Ukraynanın gələcəyini qurmasına da kömək etməli olduğunu düşünürük.

Sülh Ukrayna xalqının uğrunda böyük mübarizə apardığı gələcəyə sahib olmasını təmin etməlidir. Avropanın Ukraynanın müharibədən sonrakı bərpa və yenidənqurma prosesinə liderlik etməsinin səbəbi də budur. Bu, Ukrayna xalqına açıq bir mesajdır: Biz bir-birimizə aidik.

Rusiyaya da açıq bir mesajlarının olduğunu qeyd edən fon der Leyen: "Avropa sülh istəyir", deyib.