Kim Çen İndən gözlənilməz addım - 30 illik diplomatik ənənə pozuldu

Şimali Koreya lideri Kim Çen İn 30 ildən artıqdır davam edən diplomatik ənənəni pozaraq 10 ölkənin səfirinin etimadnaməsini şəxsən qəbul edib.

Pxenyan şəhərində keçirilən mərasimdə iqtisadi artım və xarici əlaqələrin inkişafı ilə bağlı mesajlar verən Kim ölkəsinin xarici siyasətinin əsas prinsiplərinin sülh, inkişaf və rifah olduğunu bildirib. Bu tarixi addım mart ayında Kimin diplomatik səlahiyyətlərini genişləndirən konstitusiya dəyişikliyindən sonra atılıb.

Noyabrın 22-də Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin binasında keçirilən mərasimdə Rusiya, İsveç, Braziliya, Hindistan, Vyetnam, İndoneziya, Çexiya, Filippin, Tailand və Banqladeşin səfirləri iştirak ediblər.

Kim səfirlərin hər biri ilə ayrı-ayrılıqda görüşüb və onlarla xatirə şəkli çəkdirib. Mərasimdə Şimali Koreyanın xarici işlər naziri Çve Son Hi də iştirak edib.

Şimali Koreyanın qurucusu Kim İr Senin hakimiyyəti dövründə xarici ölkələrin səfirlərinin etimadnamələrini birbaşa ölkə rəhbəri qəbul edirdi. Kim Çen İrin hakimiyyəti dövründə isə bu vəzifə Ali Xalq Məclisinin Daimi Komitəsinin sədrinə həvalə edilmişdi.

Mart ayında qəbul edilən konstitusiya dəyişikliyi ilə bu səlahiyyət yenidən Dövlət İşləri Komissiyasının sədrinə verilib. Kim Çen İn yeni səlahiyyətindən ilk dəfə bu mərasimdə istifadə edib.

Mərasimdə çıxış edən Kim Çen In ölkəsinin dayanıqlı və balanslaşdırılmış iqtisadi artıma nail olmağı hədəflədiyini bildirib. O, xarici əlaqələrin inkişafına əhəmiyyət verdiklərini vurğulayıb.

Kim xarici diplomatların imtiyaz və toxunulmazlıqlarının beynəlxalq hüquq çərçivəsində təmin ediləcəyini qeyd edib.

Şimali Koreya lideri ölkəsinin xarici siyasətinin əsas dəyərlərinin sülh, inkişaf və rifah olduğunu bildirib. O, ölkəsinin suverenliyinə hörmət edən dövlətlərlə dostluq və əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını deyib.

Kim regional hökmranlıq və ya əraziləri genişləndirmək məqsədlərinin olmadığını iddia edərək hərbi potensialın artırılmasını milli təhlükəsizlik mülahizələri ilə əsaslandırıb.

Cənubi Koreyanın Birləşmə Nazirliyi mərasimi Kim Çen İnin həm ölkə daxilində, həm də beynəlxalq arenada dövlət başçısı kimi mövqeyini möhkəmləndirməyə yönəlmiş addım kimi qiymətləndirib.

Ekspertlər isə müxtəlif qitələrdən olan ölkə nümayəndələrinin mərasimdə iştirakının Şimali Koreyanın diplomatik əlaqələrini şaxələndirmək istəyindən xəbər verə biləcəyini bildiriblər.