Litva Azərbaycanın üzərindən Avropaya yeni yol açmaq istəyir

Avropa İttifaqı (Aİ) Azərbaycan və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsində, enerji resurslarının Avropaya çatdırılmasında və alternativ tranzit marşrutlarının inkişafında maraqlıdır.

Bunu Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan strateji enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm mövqeyə malikdir. Bu layihələr Mərkəzi Asiyanı Avropaya yaxınlaşdırmaqla yanaşı, regionun iqtisadi potensialından istifadə imkanlarını genişləndirir.

K.Budris Rusiyanın tranzit şərtlərinə təsir göstərərək bundan siyasi vasitə kimi istifadə etməsinin qarşısını almaqda maraqlı olduqlarını bildirib. O, bu baxımdan Orta Dəhlizin inkişafının və regiona Avropa investisiyalarının cəlb edilməsinin vacibliyini vurğulayıb. Nazirin sözlərinə görə, hazırda Aİ-nin növbəti yeddiillik büdcəsi, o cümlədən milyardlarla avroluq “Global Europe” proqramı üzrə müzakirələr aparılır. Litva Azərbaycanın yerləşdiyi coğrafi istiqamətin bu proqramın prioritetləri sırasında olmasını istəyir.

K.Budris əlavə edib ki, Litva Aİ Şurasına sədrliyi dövründə üzv dövlətlər arasında Azərbaycanla bağlı ortaq yanaşmanın formalaşdırılmasına çalışacaq.