Prezident 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi”nin yaradılması haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi” (bundan sonra – Mərkəz) yaradılsın.

2. Müəyyən edilsin ki, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olan büdcə təşkilatıdır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. iki ay müddətində:

3.1.1. “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndi nəzərə alınmaqla, Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.2. Mərkəzin maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

4.1. Mərkəzin nizamnaməsini və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini dövlət büdcəsinin vəsaiti hesabına təmin etsin.

***

Prezident İlham Əliyev İxracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. ixrac olunan malların müqabilində əldə edilən vəsaitin ixracatçıların Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi barədə təkliflərini bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan qaydalar qüvvəyə mindiyi tarixdən doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydalarına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci hissəsinin “b” və “q” bəndlərinə uyğun olaraq, bu Fərmanın 2-ci hissəsinə əsasən təqdim olunan təkliflər nəzərə alınmaqla, xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydalarını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175 (Cild I); 2024, № 6 (I kitab), maddə 647, № 9, maddə 1001; 2026, № 1, maddə 28, № 3, maddə 226, № 8, maddə 799) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. preambulaya aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Bu Qaydalarda istifadə olunan anlayışlar gömrük qanunvericiliyində müəyyən olunmuş mənaları ifadə edir.”;

4.2. 11.1-ci bənddə “xarici şəxslərlə” sözləri “qeyri-rezidentlərlə” sözü ilə əvəz edilsin;

4.3. 12-ci hissə üzrə:

4.3.1. 12.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“12.1. Şəxslər tərəfindən xarici ölkələrə mal ixracı ilə bağlı hesablaşmalar “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) müəyyən etdiyi qaydalara uyğun olaraq aparılır.”;

4.3.2. 12.2-ci bənd ləğv edilsin;

4.3.3. 12.3-cü və 12.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“12.3. İxrac olunan malların müqabilində əldə edilmiş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların “İntellektual gömrük” informasiya sistemi (bundan sonra – İGİS) vasitəsilə müvəkkil banklara ötürülməsini təmin edir.

12.4. Müvəkkil banklar ixrac müqavilələri üzrə ixrac olunan malların müqabilində əldə edilmiş vəsaitin şəxslərin müvəkkil bankdakı hesablarına daxil olması, habelə vaxtında köçürülməməsi barədə məlumatı 3 (üç) iş günü ərzində İGİS vasitəsilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürürlər.”;

4.3.4. 12.5-ci və 12.6-cı bəndlər ləğv edilsin;

4.4. 15.2-ci bəndə “Bank” sözündən sonra “(xarici ticarət əməliyyatları üzrə malların idxalına münasibətdə)” sözləri, ikinci halda “Komitəsi” sözündən sonra “(xarici ticarət əməliyyatları üzrə malların ixracına münasibətdə)” sözləri əlavə edilsin.

5. Bu Fərmanın 4-cü hissəsi bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş qaydalarla eyni gündə qüvvəyə minir.