Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi” yaradılır.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olacaq.

Nazirlər Kabinetinə iki ay müddətində Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiqləmək, maddi-texniki təminatı ilə bağlı tədbirlər görmək tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə iki ay müddətində Mərkəzin nizamnaməsini və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu təsdiq edəcək.

Mərkəzin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.