Azərbaycan və Litva XİN rəhbərləri görüşdü - YENİLƏNİB

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan litvalı həmkarı Kestutis Budris ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüş zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, habelə cari regional və beynəlxalq gündəmin bir sıra aktual məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Litva arasında qarşılıqlı hörmət və maraqlara əsaslanan tərəfdaşlığın dinamik inkişafının məmnunluq doğurduğunu bildirib. İki ölkə arasında münasibətlərin inkişafında ali və yüksək səviyyəli təmasların, xüsusilə bu ay Dublində Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində iki ölkə Prezidentləri arasında baş tutmuş görüşün mühüm əhəmiyyəti vurğulanıb.

Həmçinin, cari ilin iyun ayında Vilnüsdə sonuncu raundu keçirilmiş iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin, parlamentlərarası əlaqələrin və İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyi qeyd olunub. Eyni zamanda, mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səfər çərçivəsində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə"nin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağı vurğulanıb.

Bununla yanaşı, iki ölkənin beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində konstruktiv dialoqun, koordinasiyanın və namizədliklərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına qarşıdan gələn sədrliyi dövründə bir sıra istiqamətlər üzrə səylər barədə də fikir mübadiləsi aparılıb.

Müzakirələr çərçivəsində iqtisadi və ticarət əlaqələrində mövcud potensialın tam reallaşdırılması üçün əlavə səylərin zəruriliyi, Azərbaycanda fəaliyyət göstərən Litva şirkətlərinin bu əməkdaşlıq üçün mühüm əsas yaratdığı bildirilib və səfər çərçivəsində keçiriləcək biznes forumun işgüzar əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyi qeyd olunub. Kənd təsərrüfatı və aqrar-sənaye, enerji, sənaye, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, innovasiyalar sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.

Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin Bakı vasitəsilə Xəzər regionunu Baltikyanı ölkələr və Avropa bazarları ilə birləşdirən marşrut kimi əhəmiyyəti, bu çərçivədə Litvanın liman və dəmir yolu infrastrukturu ilə əlaqələrin inkişaf perspektivləri vurğulanıb.

Həmçinin humanitar, təhsil və turizm sahələrində təmasların, o cümlədən Litvada yüzlərlə azərbaycanlı tələbənin təhsil almasının, universitetlərarası əlaqələrin genişləndirilməsinin, eləcə də şəhərlər və regionlar arasında əlaqələrin qurulmasının faydalı olduğu bildirilib.

Görüşdə Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi barədə ətraflı məlumatlandırıb.

Litva tərəfinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və iqtisadi fəaliyyətin canlandırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat verilib və Litva şirkətləri Ələt Azad İqtisadi Zonasında, eləcə də Ağdam və Cəbrayıl sənaye parklarında yaradılmış imkanlardan daha geniş şəkildə yararlanmağa dəvət olunub. Bu çərçivədə, Litvanın Dominare şirkətinin Araz Vadisi İqtisadi Zonasında irimiqyaslı mebel istehsalı sahəsində müəssisə qurması məmnunluqla qeyd olunub.

Eyni zamanda, mina və partlamamış hərbi sursatların yaratdığı humanitar problemlər xüsusi vurğulanaraq, bu təhlükənin bərpa işlərinə və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıdışına əsas maneə olduğu bildirilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Yekunda mətbuat konfransı keçirilib və nazirlər mətbuat konfransında bəyanatlarla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və litvalı həmkarı Kestutis Budris arasında təkbətək görüş başa çatıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Nazirlər Azərbaycan-Litva münasibətlərinin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Tərəflər qarşılıqlı hörmət, siyasi dialoq və ortaq maraqlar əsasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Görüşdə əlaqələrin inkişafında yüksəksəviyyəli təmasların əhəmiyyəti vurğulanıb. Bu xüsusda Azərbaycan və Litva prezidentlərinin Dublin şəhərində Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində baş tutan son görüşünə diqqət çəkilib.

Siyasi məsləhətləşmələrin və parlament diplomatiyasının davamlı dialoqun qorunmasındakı rolu da qeyd olunub.

İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında təmasların artırılması, yeni investisiya imkanlarının araşdırılması müzakirə edilib.

Kənd təsərrüfatı, enerji, sənaye, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal idarəetmə, kibertəhlükəsizlik və innovasiya əməkdaşlıq üçün perspektivli sahələr kimi qiymətləndirilib.

Litva şirkətlərinin Azərbaycanın sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında fəaliyyətinin genişləndirilməsi imkanları da diqqətə çatdırılıb.

Humanitar, təhsil və mədəniyyət əlaqələri, o cümlədən Litvada təhsil alan azərbaycanlı tələbələrin rolu, turizmin təşviqi və xalqlar arasında təmasların artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın 2027-ci ilin birinci yarısında Aİ Şurasına sədrliyi dövründə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda namizədlərin irəli sürülməsi və qarşılıqlı dəstəklənməsi məsələlərində koordinasiyanın vacibliyi vurğulanıb.

Ceyhun Bayramov münaqişədən sonrakı reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun və yaşayış məntəqələrinin bərpası barədə litvalı həmkarına məlumat verib.

Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və litvalı həmkarı Kestutis Budris arasında təkbətək görüş başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda rəsmi səfərdə olan litvalı həmkarı Kestutis Budrisi qarşılayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.