Azərbaycanda vahid tətbiqdə müxtəlif banklardakı hesablardan köçürmələr mümkün olacaq

Azərbaycanda açıq bankçılığın növbəti mərhələsində vətəndaşlara müxtəlif banklardakı hesabları vahid mobil tətbiq üzərindən idarə etməklə yanaşı, həmin hesablar vasitəsilə köçürmə əməliyyatları aparmaq imkanı yaradılacaq.

Bunu Mərkəzi Bankın (AMB) Maliyyə texnologiyalarının təhlili və inkişafı şöbəsinin əməkdaşı Elmar Didakanan X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) çıxışında deyib.

Onun sözlərinə görə, hazırda açıq bankçılıq yalnız hesab məlumatlarına baxış imkanı yaradır:

“Vətəndaşlar bir platforma üzərindən müxtəlif banklardakı hesablarının balansını və əməliyyat tarixçəsini görə bilirlər.

Növbəti hədəf isə vətəndaşlara müxtəlif əməliyyatlar aparmaq imkanı yaratmaqdır. Məsələn, müştəri hər hansı mobil tətbiqə daxil olaraq həmin tətbiqə əlavə etdiyi digər bank hesabları vasitəsilə köçürmə əməliyyatları həyata keçirə biləcək.

Bu istiqamətdə mərhələli şəkildə inteqrasiyalar aparılır və yaxın vaxtlarda yeni imkanların vətəndaşların istifadəsinə verilməsi gözlənilir”.

O bildirib ki, növbəti vacib hədəflərdən biri də açıq bankçılıq funksionallığını hüquqi şəxslərin istifadəsinə verməkdir:

“Hazırda sistem yalnız fiziki şəxslər üçün nəzərdə tutulub. Gələcəkdə isə müxtəlif banklarda korporativ hesabları olan hüquqi şəxslər həmin hesabları vahid internet bankçılıq platforması üzərindən görə və idarə edə biləcəklər.

Bundan sonrakı mərhələdə açıq maliyyəyə keçid konsepsiyası da nəzərdə tutulur”.