11 min mesaj, 24 saatlıq böhran: Microsoft-da nə baş verib?

"Microsoft" şirkəti noyabrın 12-13-də baş verən və dünya üzrə milyonlarla istifadəçinin xidmətlərdən yararlanmasına mane olan genişmiqyaslı nasazlıqdan sonra fövqəladə fəaliyyət rejiminə keçib.

“Reuters” agentliyinin əldə etdiyi daxili sənədlərə əsasən, şirkət mühəndislik sistemlərindəki çatışmazlıqları aradan qaldırmaq və gələcəkdə oxşar problemlərin qarşısını almaq üçün “Code Red” adlı xüsusi proqram başladıb.

24 saat davam edən nasazlıq Avstraliya, Yaponiya və ABŞ da daxil olmaqla bir sıra ölkələrdə dövlət qurumlarının fəaliyyətinə təsir göstərib. Ticarət şirkətlərinin əməliyyatlarında gecikmələr yaranıb, aviaşirkətlərin kommunikasiya sistemlərində fasilələr qeydə alınıb.

Microsoft problemin kibertəhlükəsizlik hücumu və ya süni intellekt agentləri ilə əlaqəli olmadığını bildirib. Şirkətin açıqlamasına görə, nasazlığa iyul ayında sistemə daxil edilmiş və vaxtında aşkarlanmamış Windows miqyaslanma xətası səbəb olub. Baş direktor Satya Nadella yaranmış vəziyyətə görə ictimai şəkildə üzr istəyib.

"Microsoft 365 Core" bölməsinin rəhbəri Ceyson Henderson hadisəni "Exchange Online" xidmətinin tarixində müştərilərə ən çox təsir edən texniki problem kimi qiymətləndirib. Onun sözlərinə görə, indiyədək bu qədər çox müştəri elektron poçt xidmətindən belə uzun müddət məhrum olmayıb.

11 mindən çox mesaj göndərilib, lakin problem vaxtında həll edilməyib

Microsoft-un korporativ vitse-prezidenti Amanda Silver bildirib ki, nasazlıq zamanı mühəndislər problemin səbəbini müəyyənləşdirməkdə ciddi çətinliklərlə üzləşiblər.

Onun sözlərinə görə, ən təcrübəli mütəxəssislərin cəlb edilməsinə baxmayaraq, 11 ayrı Teams çatında 11 mindən çox mesaj mübadiləsi aparılıb. Lakin diaqnostik məlumatların müxtəlif daxili sistemlərdə parçalanmış şəkildə saxlanılması ümumi vəziyyətin qiymətləndirilməsini və qərarların əlaqələndirilməsini çətinləşdirib.

Silverin daxili memorandumunda Microsoft-un digər rəhbəri Çarlz Lamannanın da problemin miqyasını vurğuladığı qeyd olunub. Onun fikrincə, nasazlıq yaranan komponentdə təxminən 10 illik dövrə bərabər qəbulolunan texniki nasazlıq həddi qeydə alınıb.

Gələcəkdə nasazlıqlar bir saata aradan qaldırılmalıdır

“Code Red” proqramı çərçivəsində "Microsoft" beş əsas istiqamət üzrə iş aparacaq. Bunlara sistem yüklənməsinin idarə edilməsi, məlumat trafikinin coğrafi bölgələr üzrə ayrılması və xidmətlərin daha sürətli bərpası mexanizmlərinin yaradılması daxildir.

Şirkət gələcəkdə baş verə biləcək texniki problemlərin qlobal miqyasda bir saat ərzində aradan qaldırılmasını hədəfləyir. Bunun üçün mühəndislərə sistemlərin vəziyyətini daha sürətli təhlil etməkdə kömək edəcək süni intellekt agentlərinin tətbiqi də nəzərdə tutulur.

Bundan başqa, Microsoft 365 xidmətlərinin əsas infrastrukturuna cavabdeh olan rəhbərlik gündəlik və həftəlik iclaslar keçirərək görülən tədbirlərə nəzarət edəcək.

Şirkət rəhbərliyi problemlərin yalnız baş verdikdən sonra aradan qaldırılmasının deyil, onların əvvəlcədən qarşısının alınmasının da prioritet olduğunu bildirir.

Qeyd edək ki, Microsoft-un daxili sənədlərində proqram təminatına təcili yeniləmələrin qlobal miqyasda tətbiqinin də ləng getdiyi etiraf olunub. Hendersonun sözlərinə görə, ayrıca bir insident zamanı təcili düzəlişin bütün dünya üzrə tətbiqi 5-6 gün çəkib. Halbuki ən ciddi təhlükəsizlik problemləri zamanı aşkarlamadan yeniləmənin qlobal tətbiqinə qədər olan müddətin bir saatı keçməməsi hədəflənir.