Üç təcavüz, iki cinsi cinayət və narkotik qaçaqmalçılığı

“Barnet”in ingilis futbolçusu İsaya Noel-Uilyams üç təcavüz, iki cinsi cinayət və narkotik qaçaqmalçılığında ittiham olunur.

Bu barədə “The Athletic” məlumat yayıb.

Xüsusilə, ittihamlar arasında yetkinlik yaşına çatmayan şəxslə cinsi təcavüz və cinsi əlaqə də var. Hertfordşir polisinin məlumatına görə, oyunçu həmçinin B sinif narkotiklərin paylanması ilə bağlı bir işdə də iştirak edir.

Qeyd etmək lazımdır ki, Böyük Britaniyada bu sinif narkotiklərə adətən kannabis, ketamin, kodein və amfetamin kimi psixotrop dərmanlar daxildir.

Noel-Uilyams 21 noyabrda Magistrat Məhkəməsində çıxış etdikdən sonra hazırda həbsdədir. Onun növbəti dinləməsi 22 dekabra təyin edilib.

Futbolçunun çıxış etdiyi İngiltərənin dördüncü liqasında oynayan “Barnet” klubu vəziyyətdən xəbərdar edildiyini və hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib.

“Hertfordşir polisi tərəfindən aparılan polis araşdırmasının bir hissəsi olaraq birinci komanda oyunçusu İsaya Noel-Uilyamsa qarşı ittiham irəli sürüldüyünü və həbs qətimkan tədbiri seçildiyini təsdiqləyə bilərik.

Klub hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edir və gələcək tədbirləri vaxtında müəyyən edəcək. Bu iş hazırda məhkəmədə olduğundan, klub əlavə şərh verməyəcək”, – açıqlamada deyilir.