Bu gün Kəlbəcər şəhəri günüdür, illər sonra öz doğma nəfəsinə qovuşan uca dağların günü. Amma bu zəfərin arxasında adı tarixə qızıl hərflərlə yazılan qəhrəmanların və onların yolunu səssiz qürurla gözləyən insanların hekayəsi dayanır.
Modern.az həmin qəhrəmanlardan birinin Kəlbəcər uğrunda canından keçən şəhidimiz Ziyarət Hüseynovun həyat yoldaşı Rüqəyya xanımla həmsöhbət olub.
Rüqəyya xanım söhbətə başlayanda xatirələrin onun üçün canlandığını, danışmağın nə qədər çətin olduğunu dilə gətirdi:
"Onunla keçirdiyim hər anı hər gün ağlımdan keçirirəm. Onunla keçən gözəl günlərimizi hər xatırlayanda kədərlənirəm. Onunla bağlı ən özəl xatirələrimdən biri mənə elçi gəlməsi oldu. Çünki bütün cəsarəti ilə atamın qarşısında durdu və fikrini bildirdi. Bu xatirədən görürəm ki, hərbçi olaraq yalnız döyüş meydanında yox, atamın yanında da cəsarətini göstərmişdi.
Ziyarət çox yaxşı ailə başçısı, həyat yoldaşı idi. Onun döyüş yoldaşları da onun haqqında danışarkən həmişə deyirlər ki, çox cəsarətli, qorxmaz, igid biri olub".
Rüqəyya xanım vurğulayır ki, Ziyarət həmişə şəhidlik arzusunda olub:
"Onunla evlənəndə bilirdim ki, hərbçidir. Ona görə onun müharibəyə yollanması bizim üçün gözlənilməz bir şey deyildi. Özü bu sahəni o qədər sevirdi, o qədər danışırdı ki, artıq mənə də hər şey aydın idi. Həmişə yoldaşlarından, oradakı vəziyyətlərdən, yaralanmasından danışardı. Çətin, ağır məqamlardan da o qədər maraqla danışardı ki, mən onda Ziyarətin peşəsinə, vətəninə nə qədər bağlı olduğunu anlayırdım".
"Son danışığımız şəhadətə ucalmasından bir gün əvvəl, sentyabrın 12-də oldu. Mənə tapşırdı ki: "Möhkəm ol, hər şey ola bilər. Digər şəhid qardaşlarımızın yoldaşlarına bax, səbrli ol. Necə ki, onlar ayaq üstə dik durublar, sən də onlar kimi ol. Nəsə olsa, oğlumuzu atasına layiqli böyüt, vətənpərvər olsun".
"Yoldaşımın ən böyük arzusu Azərbaycan tarixində adını yazmaq, böyük qəhrəmanlıq statusu almaq idi. Həmişə məqsədi, amalı Vətən uğrunda canından keçmək olub. Elə də etdi, canını Vətənə fəda etdi. Vətənə əmanət Muradını qoyub getdi".
Ziyarətin şücaətindən danışarkən Rüqəyya xanım qeyd edir ki, o, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. Aprel döyüşlərində qazi statusu verilsə də, bu statusdan imtina edərək xidmətini davam etdirib və müharibəyə yollanıb. 2022-ci il sentyabrın 12-də isə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Bu gün Kəlbəcər gözəlləşir, igidləri sayəsində azadlığına qovuşan bu diyarın gözəlliyi günü-gündən artır. Həmin igidlərdən olan Ziyarətin ailəsi Rüqəyya xanım və Murad isə hələ getmədikləri o torpaqlara qovuşmaq istəyir. Çünki Ziyarət Hüseynov öz canını Kəlbəcər torpağında fəda edibsə, ailəsi də o müqəddəs torpağı ziyarət etməlidir.
Ziyarət Hüseynov 1994-cü il mayın 15-də Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik giziri Ziyarət Hüseynov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda" medalı və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.