Azərbaycanda İslam bankçılığının fəaliyyətini tənzimləyəcək yeni qanunvericilik 2027-ci ildə qəbul oluna bilər.
Bunu Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Alternativ Bankçılıq Şurasının üzvü, İslam maliyyəsi üzrə ekspert Anar Yusifzadə X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycanda İslam bankçılığı Mərkəzi Bank tərəfindən tam dəstəklənir, hətta pilot layihə həyata keçirir:
“Artıq ən azı iki bankda bu məhsullar sınaqdan keçirilir. Ümid edirik ki, 2027-ci ildə qəbul ediləcəyi gözlənilən yeni strategiyada bu istiqamətdə daha irəli addımlar atılacaq.
Qanunvericiliyin qəbulundan sonra növbəti üç il ərzində Azərbaycanda İslam banklarının fəaliyyətə başlaması və fəaliyyətlərini genişləndirməsi ehtimalı yüksəkdir”.
A. Yusifzadə əlavə edib ki, hazırda Azərbaycanda İslam bankçılığının inkişafı qarşısında üç əsas maneə var:
”Bunlar qanunvericilik bazası, kadr potensialının çatışmazlığı və əhalinin bu maliyyələşmə modeli barədə məlumatlılığının aşağı olmasıdır.
Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində artıq iş aparılır. Kadr potensialının formalaşdırılması üçün isə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan İlahiyyat İnstitutu müvafiq təhsil proqramları hazırlamağa başlayıb”.
Nümayəndə bildirib ki, Azərbaycanda keçirilmiş sorğuda respondentlərin 73,5 faizi İslam bankçılığı məhsullarından istifadə etmək istədiklərini deyiblər. Lakin əlavə suallar zamanı məlum olub ki, respondentlərin bir qismi İslam maliyyəsini kommersiya fəaliyyəti deyil, xeyriyyəçilik kimi qəbul edir:
“Bu səbəbdən əhalinin İslam maliyyəsinin prinsipləri, o cümlədən maliyyələşmə və öhdəliklərin geri qaytarılması mexanizmləri barədə maarifləndirilməsi vacibdir.
Zəruri qanunvericilik bazası, kadr potensialı və maarifləndirmə təmin olunarsa, Azərbaycan növbəti beş il ərzində Qafqazın, hətta daha geniş regionun İslam maliyyəsi mərkəzinə çevrilə bilər”.